Qadınlarla kişilər arasında əməkhaqqındakı fərq azaldılacaq — AÇIQLAMA

Bu gün, 00:10           
Qadınlarla kişilər arasında əməkhaqqındakı fərq azaldılacaq — AÇIQLAMA
Dünya Bankı Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabat hazırlayıb.

Hesabatda bildirilir ki, Azərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur. Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər.

Həmçinin o da qeyd olunub ki, Konstitusiya gender əsaslı ayrı-seçkiliyi açıq şəkildə qadağan edir, kişilər və qadınlar üçün bərabər hüquq və azadlıqları təsdiq edir, azad peşə seçmək, təhlükəsiz şəraitdə işləmək və heç bir ayrı-seçkilik olmadan əməyinin qarşılığını almaq hüququnu vurğulayır.

Hüquqşünas Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, bu, ənənəvi problemdir və bütün dünya üçün xarakterikdir.

Onun sözlərinə görə, əksər ölkələrdə qadınlar daha az əməkhaqqının olduğu sahələrdə çalışırlar:

“Kişilərin çalışdığı sahələrsə daha ağır işlərdir, buna görə də əməkhaqqı daha yüksəkdir. Beləliklə, kişilərlə qadınların əmək haqları arasında orta hesabla təxminən 30 faiz fərq var. Amma ayrıseçkilik o zaman olur ki, eyni işə görə qadına fərqli əməkhaqqı verilir. Ölkəmizdə isə bu qadağandır. Son illərdə BMT-nin bir neçə orqanının tələbi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə bəzi dəyişikliklər edilib. Qadınlar üçün qadağan olunmuş 650-dən artıq iş yeri var idi.

Hazırda Əmək Məcəlləsinə dəyişiklik edilib və Nazirlər Kabinetinin 170 saylı qərarı ləğv edilib. Qadınlar da ağır əmək şəraiti olan iş yerlərində işləyə bilərlər. Yalnız hamilə və körpə uşağa baxın qadınlar istisnadır. Bu da 240 iş yeridir təxminən. Hamilə və süd verən qadınları bu zaman işəgötürən həmin iş yerində daha yüngül işlə təmin etməlidir. Bu islahatlardan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hədəf qoyub ki, 2030-cu ilə qədər əməkhaqqı arasındakı fərq təxminən 10 faizə endirilsin. Azərbaycan dövləti və ƏƏSMN bu sahədə müvafiq tədbirlər görür”.
Törə Zeynallı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.