DİQQƏT! Marketlərdə kərə yağı kələyi – Yağ satanlar millətə yağılıq edir
Dünən, 11:34
Sosioloq Elçin Bayramlı Baku-TV-də çıxışı zamanı aktual məsələlərdən birinə toxunub. Belə ki, o, insanlara kərə yağı adı altında mənşəyi bilinməyən yağların satıldığını bildirib.
Sitat: “İlin əvvəlindən bazarda 11-12 manatdan başlayan qiymətə kərə yağı satılır. Amma real istehsalçılar iddia edirlər ki, kərə yağı 20 manatdan ucuz başa gələ bilməz. Bu, praktik baxımdan da mümkün deyil. Belə bir halda yerli istehsalçılar üzərinə rus dilində sözlər yazmaqla zirzəmidə hazırlanan məhsulu kərə yağı adı ilə 11-12 manata satırlar. Bu, palma yağı və marqarindən istifadə etməklə mümkündür. Ona da kərə yağı dadvericiləri vurursan və kərə yağı adı ilə camaata satırsan”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmisi Elxan Mikayılov isə sosioloqun onların ünvanına sərt sözlərdən istifadə etdiyini bildirərək, deyilənlərin cəfəngiyat olduğunu qeyd edib.
Buradan belə aydın olur ki, insanlara təmiz qida adıyla zəhər yedirdilir, AQTA isə özünü haqlı çıxarmağa çalışır.
Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov kərə yağının keyfiyyəti ilə bağlı onlara hər həftə zənglərin daxil olduğunu qeyd edib.
Onun sözlərinə görə, ciddi marketlər şəbəkəsinə saxta kərə yağı daxil ola bilməz:
“Bu, mümkün deyil. Çünki AQTA bunları ciddi nəzarətdə saxlayır. Lakin ara marketlərdə, meyvə-tərəvəz satılan yerlərdə belə “kərə yağlarına” rast gəlmək olur. O cümlədən də “İvanovaka” dükanlar şəbəkəsində də bunu görmək mümkündür. “İvanovaka”nın Bakıda cəmi 3 real dükanı var. Amma paytaxtda 20-yə qədər saxta “İvanovka” mağazasına rast gəlmək olar. Bazarlarda ucuz kərə yağları var. Guya nənələrin barmaqlarının izi də olur o yağlarda. Onun hazırlanma mexanizmi tamam ayrıdır. Heç tərkibini ekspertiza da müəyyən edə bilmir. Bunlar vaxtı keçmiş bitki yağına qarışdırılmış “kərə yağlarıdır”. Ciddi marketlərdə 11-12 manata ucuz kərə yağı mövcud deyil. Yalnız spred yağları var. Onlar isə kərə yağı ilə qarışıq yağlardır. Azad İstehlakçılar Birliyi spred yağlarının üzərindən inək şəkli, “naturalnaya maslo” sözlərinin yığışdırılması barədə iş aparır. Ötən ilin ortasında AQTA-ya yazılı məlumat verdik ki, bu yağların tərkibinə qarışdırılan bitki yağlarının mənşəyi yazılsın, palma yağı qarışdırırlar, lakin onu yazmırlar. Amma cavab yoxdur”.
Eyyub Hüseynovun fikrincə, palma yağı normal yağdır:
“Palma yağının qida üçün olanı və sənaye üçün olanı var. Qida üçün olanlar normal yağdır, Avropa və bir çox ölkələrdə satılır. Körpə qidalarının tərkibində də biz onu görə bilərik. Lakin palma yağını Azərbaycana gətirənlər, istifadə edənlər məhsulun üzərinə bunu yazmırlar. AQTA qarşısında məsələ qaldırdıq ki, spred yağlarının üzərinə bitki yağı yazılmasın. Mənşəyi palma yağı və ya hansıdırsa onu yazsınlar. Hətta məhsulların adını da qeyd etdik. Təəssüf ki, məsələ olduğu kimi qalır”.
Azad İstehlakçılar Birliyinin sədri ölkədə normal kərə yağının olduğunu vurğulayıb:
“Məsələn, mənə sual olunub ki, Yeni Zelandiya uzaq bir ölkədir, ordan bura necə olur kərə yağı gəlir, burada olan yağlarla eyni qiymətdə olur?! 5 il bundan öncə Yeni Zelandiyada konfransda olan zaman bizim kolleqaların köməyi ilə “Westgold” yağını hazırlayıb Azərbaycana göndərən zavodda, onun fermer təsərrüfatında olmuşam və görmüşəm ki, normal yağ hazırlanır. Çox böyük zavoddur, gün ərzində bir milyon litr süd emal edir. Orada heyvandarlıq çox inkişaf edib, qış yemi yoxdur, heyvanlar açıq havada otlayır. Ona görə də heyvanlara yem məsələsində az xərc çəkilir, normal da yağ istehsal olunur. Azərbaycan dilində markalanır, ölkəmizə göndərilir. Hətta mən onun qiymət monitorinqini apardım, gördüm ki, gəlib, buradakı qiymətlərlə bərabər olur. Çünki yağ boldur. Düzü, “Westgold” yağına mənim inamım ondan sonra artdı. Almaniyadan, Fransadan Azərbaycana normal yağlar gətirilir. Təbii ki, yerli yağ istehsalı da var. Qeyd etdiyim kimi, böyük marketlər şəbəkəsinə saxta yağ daxil olmur. Bunları ara marketlərdə, bazarlarda satırlar. Bütün hallarda şübhəli mal olduqda “1003” qaynar xətti ilə AQTA-ya məlumat vermələrini tövsiyə edirəm”.