İnsanlar mənzil qiymətinə telefon nömrələrini niyə alır və onlar kimlərdir?

Dünən, 00:12           
İnsanlar mənzil qiymətinə telefon nömrələrini niyə alır və onlar kimlərdir?
"Təbii ki, bu nömrələr minimum 320 manat pensiya, yaxud da 400 manat əmək haqqı alanlar üçün deyil. Onlar istəsə də, ala bilməz".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli ev qiymətinə satılan telefon nömrələrinin alıcılarından danışarkən deyib.

Ekspert bu nömrələrə ancaq imkanlı şəxslərin maraq göstərdiyini vurğulayıb:

"Onlar üçün 80 min manat elə ciddi əhəmiyyət daşımır. İmkanlıdır, pulları çoxdur, sərvəti üzərində istədiyi kimi qərar verə bilər. Bu nömrələri almaq istəyən vətəndaşların sayı çoxdur”.

Xalid Kərimli bahalı nömrələrin ancaq hərracda satıldığını diqqətə çatdırıb:

"Onların qiyməti hərracda müəyyənləşir. Bu nömrələri əldə etmək istəyənlər var və şirkət də bundan pul qazanmaq istəyir. Fərqlənmiş nömrələrin qiymətinin baha olması normal və təbiidir”.

Ekspert bahalı nömrələrin məhdud sayda olduğunu qeyd edib:

"Şirkət bunu bildiyindən pul qazanmaq istəyir. Hər şey qanun çərçivəsindədir”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri psixoloq Elnur Rüstəmovun fikirincə, mobil telefon nömrələrinin yüksək qiymətlə satışa çıxarılması bir neçə psixoloji faktorla izah oluna bilər:

"Belə ki, bir qism insan unikal və yadda qalan nömrələrə sahib olmaqla sosial statuslarını və prestijlərini artırmağa çalışırlar. Asan yadda qalan və ya xüsusi mənası olan nömrələr onun sahibinə cəmiyyətdə üstünlük hissi bəxş edir. Digər tərəfdən, psixologiyada nadirlik prinsipi insanlara bir əşyanın və ya xidmətin az olduğunu düşündükdə onun dəyərini daha yüksək qiymətləndirməyə sövq edir. Məhdud sayda olan premium nömrələr bu prinsipə əsaslanaraq insanlarda daha çox maraq yaradır. Digər tərəfdən, hərrac formatı insanlarda rəqabət hissini gücləndirir və onlarda "əldən qaçırmaq qorxusu” yaradır. Bu faktor da qiymətlərin yüksəlməsinə səbəb olur və alıcının ani qərar verməsinə təsir göstərir. Eləcə də bəzi insanlar telefon nömrələrini şəxsi brendlərinin bir hissəsi kimi qəbul edirlər. Xüsusi və fərqli nömrələr onları digər insanlardan fərqləndirmək imkanı yaradır və bu, onların özgüvəni üçün vacib faktor ola bilər. Psixoloji baxımdan insanlar bəzən belə nömrələri gələcəkdə daha yüksək qiymətə satmaq məqsədilə bir sərmayə kimi də görürlər. Bu perspektiv alış qərarına təsir edə bilir”.

Psixoloq əlavə edib ki, şirkətlərin yaratdığı reklam kampaniyaları və ictimai rəy də insanları belə nömrələrin alınmasına təşviq edir:

"İnsanlar digər nüfuzlu şəxslərin bu nömrələrə sahib olduğunu gördükdə onlar da eyni addımı atmağa meyilli olurlar. Bu cür psixoloji faktorlar yüksək qiymətlə satışa çıxarılan mobil nömrələrin cəlbediciliyini artırır və satışların uğurlu olmasına səbəb olur”.

Bahar Rüstəmli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.