Bakıda fantastik qiymətlərə mənzillər: Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
Bu gün, 09:24
Ramil Osmanlı bildirib ki, köhnə tikililərdə mənzillərin kvadratmetrinin qiymətinin yüksək olması həmin binalarda mənzil kvadratının az olması ilə bağldıır.
2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi bildirib. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3%, təkrar mənzil bazarında isə 9.8% artıb.
Qeyd edək ki, 2024-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 3.3%, o cümlədən ilkin mənzil bazarı üzrə 2.8%, təkrar mənzil bazarı üzrə 3.3% artıb.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda ilkin mənzil bazarında mənzillərin orta qiyməti belə dəyişir:
"Bakıda ilkin mənzil bazarında mənzillərin orta qiyməti 1 kv 2930 manat, təkrar mənzil bazarında isə 2167 manatdır. Bakı şəhərində ilkin mənzil bazarında qiymətlər 1 kv metrə 1500 manatdan başlayaraq 10 min manata qədər dəyişir. Təkrar mənzil bazarında isə yeni tikililərdə 1 kv metrin qiyməti 1400 manatdan 12 min manatadəkdir".
Ekspert bunu təkrar mənzil bazarına çıxardılan mənzillərin təmirli olması ilə əlaqələndirib. Onun sözlərinə görə, köhnə tikililərin qiyməti 1 kvadratmetr üçün 1800 manatdan başlayır, 4500-5 min manatadək davam edir. Köhnə tikililərdə mənzillərin kvadratmetrinin qiymətinin yüksək olması köhnə binalarda mənzil kvadratının az olması ilə bağldıır.
R.Osmanlı onu da qeyd edib ki, hazırda Bakıda ən bahalı mənzillər Səbail rayonunun 1-ci və 2-ci zonası və Bayıl yamacına doğru olan ərazilərdədir.