Azərbaycana gələn turistlərin sayı 32 faiz artıb
17-02-2025, 12:25

Rusiya, Hindistan və Türkiyədən Azərbaycana səfər edənlər bütün turistlərin 53,9%-ni təşkil edir.
Son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb və bu say 1 855 113 nəfər olub. Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 32,3% və ya 452 513 nəfər çox olub.
Bu barədə Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən məlumat yayıb. Xəbərdə bildirilib ki, ölkəmizə turizm məqsədilə səfər edən xarici ölkə vətəndaşları arasında şimal qonşumuz Rusiya Federasiyasından gələnlərin sayı daha çox olub. 2024-cü ildə Azərbaycana 600 186 rusiyalı turist səfər edib ki, bu da ölkəmizə gələn ümumi turist sayında əhəmiyyətli paya malikdir.
Hindistan 235 625 turist sayı ilə ikinci sırada qərarlaşıb. Buna səbəb son illərdə Hindistanla Azərbaycan arasında turizm əlaqələrinin genişlənməsi, Bakı və Qəbələnin hindistanlı turistlər üçün cəlbedici məkanlara çevrilməsidir.
Ötən il Azərbaycana gələn turistlər arasında Türkiyədən səfər edənlərin sayı 163 905 olub. İki ölkə arasındakı qardaşlıq münasibətləri, viza rejiminin olmaması və müştərək mədəni dəyərlər bu turizm axınının əsas amillərindəndir.
Məlumat üçün bildirək ki, Rusiya, Hindistan və Türkiyədən Azərbaycana səfər edənlər bütün turistlərin 53,9%-ni təşkil edir. Bu, o deməkdir ki, ölkəmizi ziyarət edən hər iki turistdən biri məhz bu ölkələrin payına düşür.2023-cü ildə Azərbaycana 114 322 hindistanlı turist səfər etmişdisə, 2024-cü ildə onların sayında 121 303 nəfər və ya 2,1 dəfə artım qeydə alınıb.
Ötən il həmçinin ölkəmizə gələn rus turistlərin sayında artım müşahidə olunub. Belə ki, 2024-cü ildə Azərbaycana səfər edən rus turistlərin sayı 2023-cü ilin göstəriciləri ilə müqayisədə 97 972 nəfər və ya 19,5% çox olub.
Qardaş Türkiyədən ölkəmizə səfər edən turistlərin sayındakı artım 22,4% və ya 30 042 nəfərə bərabər olub.
2024-cü ildə Şərqi Asiya ölkələrindən Azərbaycana gələn turistlərin sayı da artıb. Çinli turistlərin sayı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 19 097 nəfər (90,8%), Cənubi Koreyadan olan turistlərin sayında isə 6 363 nəfər və ya 88,9% artım müşahidə olunub.2024-cü ildə Azərbaycana gələn rusiyalı turistlər ümumi turistlərin 32,35, Gürcüstana səfər edənlərin 21,87, Ermənistana səyahət edənlərin isə 49,50%-ni təşkil edib.