Necə edək ki, qar yağanda dərsdən qalmayaq? Ekspert ETN-ə dünya praktikasını xatırlatdı

Bu gün, 09:24           
Necə edək ki, qar yağanda dərsdən qalmayaq? Ekspert ETN-ə dünya praktikasını xatırlatdı
Ekspertin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində məktəblərin hava şəraitinə görə bağlanması və distant təhsilə keçid praktikası uzun illərdir tətbiq olunur.
Orta məktəblərdə hava şəraitinə görə məsafədən təhsilin təşkil olunması məsələsi təkcə bu günün problemi deyil, ümumilikdə təhsil sisteminin çevikliyini və dayanıqlığını yoxlayan bir sınaqdır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, qarlı və buzlu yollar, sürüşkən küçələr, nəqliyyatın işləməməsi və digər çətinliklər orta məktəb şagirdlərinin təhlükəsizliyini sual altına qoyur. Mövcud şəraitdə ali təhsil müəssisələrinin dərsləri onlayn formata keçirməsi, lakin orta məktəblərdə belə bir addımın atılmaması ciddi bir boşluq yaradır. Alternativ təhsil forması tətbiq edilmədiyi üçün şagirdlər tədrisdən kənarda qalır.
Ekspert deyib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 32-ci maddəsinə əsasən, ölkədə təhsil müxtəlif formalarda həyata keçirilə bilər və distant təhsil bu formalar arasında yer alır. Bununla belə, orta məktəblərdə distant təhsilin tətbiqi sistemli şəkildə nəzərdə tutulmayıb və yalnız pandemiya dövründə tətbiq edilən müvəqqəti bir həll kimi istifadə olunub. Halbuki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hava şəraitinə və digər fövqəladə hallara uyğun olaraq çevik təhsil modellərinin tətbiqi mümkündür.
Əsədovun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində məktəblərin hava şəraitinə görə bağlanması və distant təhsilə keçid praktikası uzun illərdir tətbiq olunur:
"ABŞ-ın şimal və şimal-şərq bölgələrində, Kanada, Skandinaviya və Rusiya kimi ölkələrdə qış aylarında qar və şaxta ilə bağlı məktəblərin bağlanması adi haldır. ABŞ-ın Minnesota, Miçiqan və New York ştatlarında “Snow Day” (Qar Günü) anlayışı var və məktəblər bağlandıqda şagirdlərə onlayn dərs keçmək imkanı yaradılır. Kanada hökumətinin rəsmi statistikalarına görə, hər il qış aylarında ölkədə məktəblərin təxminən 15-20%-i hava şəraiti səbəbilə müəyyən günlər bağlanır və alternativ olaraq onlayn platformalar istifadə olunur. Finlandiya və İsveçdə hava şəraiti ilə əlaqədar dərsə gedə bilməyən şagirdlər üçün məktəblər tərəfindən elektron resurslar təqdim edilir və müəllimlər valideynlərə məlumat verir".
Ekspertin qeydinə görə, Rusiya Federasiyasında məktəblərin bağlanma həddi regionlara görə dəyişir:
"Məsələn, Sibirdə və Uzaq Şərq bölgələrində temperatur -30°C-dən aşağı düşdükdə ibtidai siniflər, -35°C-dən aşağı düşdükdə isə yuxarı siniflər üçün dərslər ləğv edilir. Lakin Moskva və Sankt-Peterburq kimi şəhərlərdə distant təhsil tətbiq edilir ki, şagirdlər dərsdən kənarda qalmasınlar”.
Müsahibimiz deyir ki, Azərbaycanda hava şəraiti kəskin pisləşdikdə, ümumiyyətlə, orta məktəblərin bağlanması ilə bağlı mərkəzləşdirilmiş qərar qəbul edilmir və valideynlər övladlarını məktəbə göndərməkdə sərbəstdirlər. Bu isə tədrisin davamlılığını pozur və dərsə gəlməyən şagirdlər üçün ciddi boşluq yaradır. Halbuki pandemiya dövründə distant təhsil təcrübəsi göstərdi ki, onlayn dərslərin təşkili müəyyən infrastruktur problemlərinə baxmayaraq mümkündür.
“Microsoft Teams, Zoom və Təhsil Nazirliyinin rəsmi “Məsafədən Təhsil” platforması bu məqsədlə istifadə edilib. Lakin pandemiyadan sonra distant təhsil modeli sistemləşdirilmədiyi üçün bu platformalar yenidən aktiv tətbiq olunmur. Distant təhsilin orta məktəblərdə hava şəraitinə görə tətbiq edilməsi üçün bir neçə əsas məqam həll olunmalıdır. İlk növbədə, mövcud internet infrastrukturu gücləndirilməlidir" - ekspert deyib.
O xatırladıb ki, 2021-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına görə, Azərbaycanda ev təsərrüfatlarının təxminən 78%-i internetə çıxışa malikdir. Bakı və böyük şəhərlərdə bu göstərici 90%-ə çatır, lakin rayon və kənd yerlərində internet əlçatanlığı 60%-dən aşağıdır. Bu isə onlayn dərslərin bütün şagirdlər üçün bərabər şəkildə əlçatan olmamasına səbəb ola bilər. Buna görə də, Təhsil Nazirliyi distant təhsil üçün televiziya və radio kimi alternativ resurslardan da istifadə etməlidir.
Ekspert əlavə edib ki, müəllimlərin də onlayn təhsilə adaptasiyası vacibdir:
"2020-ci ildə pandemiya dövründə distant təhsilin tətbiqi zamanı bəzi müəllimlər texnoloji çətinliklərlə üzləşmişdi. Müəllimlər üçün xüsusi təlimlərin keçirilməsi, onların onlayn dərs metodikasına uyğunlaşdırılması və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi bu prosesin daha effektiv olmasına kömək edə bilər. Bütün bunlarla yanaşı, distant təhsilin rəsmi hüquqi çərçivəyə salınması vacibdir. Hazırda mövcud qanunvericilikdə distant təhsilin tətbiqi pandemiya və digər fövqəladə hallar üçün nəzərdə tutulsa da, onun davamlı bir mexanizm kimi işlənib hazırlanması tələb olunur. Bunun üçün hava şəraitinə uyğun çevik təhsil modelləri yaradılmalı, məktəblərin distant təhsilə keçid meyarları müəyyən olunmalı və valideynlər üçün rəsmi açıqlamalar verilməlidir ki, onlar övladlarını məktəbə göndərmədikdə tədrisdən kənarda qalmasınlar".
Əsədovun qeydinə görə, beynəlxalq təcrübədə hava şəraitinə görə məktəblərin bağlanması və alternativ təhsil üsullarının tətbiqi geniş yayılıb. Azərbaycan da bu təcrübədən istifadə edərək, şagirdlərin və müəllimlərin təhlükəsizliyini təmin edəcək, eyni zamanda təhsilin davamlılığını qoruyacaq bir mexanizm yaratmalıdır. Əks halda, hər il qış aylarında hava şəraiti ilə bağlı yaranan problemlər tədris prosesində fasilələrə və şagirdlərin bilik səviyyəsində fərqlərin artmasına səbəb olacaq. Hökumət bu məsələdə konkret addımlar atmalı, distant təhsil mexanizmini gücləndirməli və onu fövqəladə hallarda tətbiq edilə biləcək bir sistem kimi formalaşdırmalıdır.
MÜTDA-dan isə Sputnik Azərbaycan-a bildirilib ki, ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək:
“Ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək. Mövcud hava şəraiti ilə bağlı ayrı-ayrı məktəblərdə keçirilməsi mümkün olmayan dərslər (müəllimlərin işə gecikməsi səbəbindən və ya şagird davamiyyətinin əsaslı aşağı olduğu hallarda) yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərlərinin qərarı ilə növbəti günlərdə əlavə dərslərlə əvəz ediləcək. Qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilib. Qeyd edək ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək. Müşahidə edilən qeyri-sabit hava ilə əlaqədar valideynləri diqqətli olmağa, övladlarını nəzarətdə saxlamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.