Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
Dünən, 08:15

Son illər Azərbaycanda yalnız yaşamaq deyil, ölmək də baha başa gəlir. Dəfn mərasimləri, qəbir yerləri və yas çadırlarının qiymətlərində müşahidə olunan artım cəmiyyətdə narahatlıq doğurur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, dəfn mərasimləri sadə olmalıdır :
"Çox təəssüf ki, son dövrlərdə Azərbaycanda yalnız toy ənənələri deyil, həm də dəfn və yas mərasimləri ilə bağlı ciddi mənəvi və sosial problemlər yaşanır. Kapitalizmin azğın forması o həddə çatıb ki, artıq yas və dəfn mərasimləri də biznes sisteminə çevrilib. Bu sahədə də kommersiya maraqları ön plandadır – bazar formalaşdırılıb, saxta və yalançı adətlər meydana çıxarılıb. Yas məclislərinin xüsusi mərasim evlərində baha qiymətlərlə, servis xidməti formasında təşkili, bahalı qəbir daşlarının "dəbdə" olması, müxtəlif xidmət şirkətlərinin bu sahəyə daxil olması – bütün bunlar sadə və aztəminatlı insanlar üçün həm maliyyə, həm də psixoloji baxımdan ağır yükə çevrilib. Ailədə bir nəfər dünyasını dəyişəndə, yaxınları tez-tez kreditə, borca düşür, çox çətin vəziyyətlə üzləşirlər. Belə çıxır ki, cəmiyyət olaraq yas düşmüş ailəyə kömək etmək əvəzinə, onu daha da çətinliyə salırıq. İnsanların psixologiyası da bu prosesə uyaraq bir-biri ilə rəqabətə girib – kim daha bahalı, daha dəbdəbəli, qara mərmərdən başdaşı qoyacaq, kim daha "təmtəraqlı" mərasim keçirəcək. Bəzi qəbiristanlıqlar demək olar ki, istirahət mərkəzini xatırladır. Yas məclislərində təşkil olunan yemək süfrələri isə demək olar ki, ziyafət səviyyəsinə çatıb. Mərasim evləri konkret menyular təklif edir – bu isə bu mərasimlərin tamamilə kommersiyalaşmasının göstəricisidir. Dünyanın heç bir normal ölkəsində belə bir vəziyyət yoxdur. Biz isə mənəvi dəyərlər baxımından sürətlə deqradasiyaya uğrayırıq. Bütün bunlar dinin prinsiplərinə tam ziddir, haramdır və böyük günah sayılır. Təkcə dini deyil, sosial və hüquqi prinsiplərə də ziddir. Normalda qəbir yerləri pulsuz verilməlidir və qanunla hər bir vətəndaş üçün ödənişsiz dəfn sahəsi ayrılmalıdır. Amma reallıqda – xüsusilə Bakıda – qəbir yerlərinə 5 min, hətta 10 min manat qiymət qoyulur. Əvvəldə "dəbdəbəli" görünən bu qəbirlərə bir müddətdən sonra heç kim getmir, yalnız ilk il ərzində bir neçə dəfə ziyarət edilir, sonra isə baxımsız qalır. Bu isə aztəminatlı ailələr üçün həm mənasız, həm də çox ağır yükdür. Dəfn mərasimi sadə olmalıdır. Bu məsələ bir tərəfdən insanların şəxsi arzusu və zövqü sayılsa da, hazırkı vəziyyət o qədər böyüyüb ki, dövlət mütləq şəkildə normativ qaydalar müəyyən etməlidir. Zaman-zaman bu istiqamətdə dini və qeyri-rəsmi tədbirlər görülsə də, nəticə verməyib. Hazırda vəziyyət nəzarətdən çıxmaq üzrədir. Buna görə də dövlət konkret və sərt qanun qəbul etməlidir".
Sosioloq həmçinin dəfn mərasimlərinin əsas prinsipləri haqqında qeyd edib:
"Əsas prinsiplər belə olmalıdır:
•Yas məclislərində çay və halva xaricində heç bir yemək verilməməlidir – yeyib-içmək tamamilə qadağan olunmalıdır.
•Dəfn mərasimləri ya tam pulsuz təşkil edilməli, ya da dövlət və ya bələdiyyə ödəməlidir (əgər ailənin maddi imkanı yoxdursa).
•Qəbir yerləri ödənişsiz və növbəlilik əsasında verilməli, bu prosesdə heç bir ticarət prinsipi tətbiq edilməməlidir.
•Qəbir daşları üçün standart nümunə hazırlanmalı, bu formaya riayət etməyənlərə cəza tətbiq olunmalıdır".