Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA

Bu gün, 10:02           
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi Bakının 12 rayonundan 9-da mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb. Belə ki, ən yüksək qiymət Nəsimi rayonunda, ən aşağı qiymətin isə Surxanı rayonunda olduğu müəyyən edilib. Nəsimi rayonunda mənzilin bir kvadratmetrinin 4000 manata olduğu qeyd edilir. Bəs bu qiymətlər vətəndaşın büdcəsinə uyğundurmu?

Mənzil sahibi olmaq üçün ölənə qədər işləyib kredit ödəməkmi lazımdır?

Mənzil bazarındakı bahalaşmanın səbəbi nədir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qiymət həddi bir qədər qorxuducudur.

“Qiymətlər reallıqdan bir az uzaqdır. Orta bazar göstəriciləri seqmentləri də dəyişir. Yəni əslində qiymət dayanmadan artır. Qiyməti artıranlar tikinti şirkətləridir. Yeni tikililərdə də götürülən qiymətlər orta hesabla götürülür. Təmirli vəziyyətdə olan mənzillərdə acınacaqlı vəziyyətdir. Bu da Azərbaycan vətəndaşlarının gəlirlərinə tərs düşür. Qiymətlərin hazırda vəziyyəti və artım tempi vətəndaşların yığım kapitalına uyğun gəlmir. Yəni vətəndaş yığdığı vəsaitlə əmlak ala bilmir”-deyə ekspert qeyd edib.

Elnur Azadov bildirib ki, qiymətlərin bu səviyyədə olması vətəndaşları ipoteka götürməyə vadar edir: “Azərbaycan vətəndaşlarının illik orta gəliri ilə daşınmaz əmlak sektorunda qiymətlərin formalaşması acınacaqlı vəziyyətdir. Hər hansı bir orta statistik vətəndaş daşınmaz əmlak ehtiyaclarını ödəmək üçün məcburdur ki, ipoteka götürsün və əgər vətəndaş ən azı 100 minlik kredit götürürsə, o bu 100 min manatı ömrünün axırına kimi ödəməyə çalışır. Bir çox şeylərdən özünü məhrum etməyə məcbur qalır. Bu, düzgün deyil. İqtisadiyyatın düzgün formalaşması deyil, iqtisadiyyatın özü üçün də bu çox böyük bir zərərdir. Ən azı dövlət tərəfindən ayrılmış orta hesabla illik 450-500 milyon daha faydalı istifadə oluna bilərdi, nəinki bu kimi böyük həcmdə vəsait daşınmaz əmlak sektoruna qoyulsun. Çünki bizim yaşadığımız həyat tərzi, iş tərzi, iş mərkəzləri, yaşadığımız evlər, istehsalat, sənaye, kənd təsərrüfatı və s. bunlar hamısı daşınmaz əmlakla bağlıdır.

İnvestor vəsaitini daşınmaz əmlaka yönəltməyə məcburdur, iş adamı əziyyətlə yığdığı kapitalını daşınmaz əmlaka yatırsın. Bu da özəl sektoru, dövlət sektorunu və yaxud digər sahələri inkişaf etməyə qoymur. Daşınmaz əmlakın 4 il ərzində 55 faizə yaxın, bahalaşması bizim iqtisadi vəziyyətimiz üçün yaxşı deyil və bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi lazımdır”.

Ekspert qeyd edib ki, bu istiqamətdə də bizim ölkədə hər hansı bir təşkilat və ya qurum yoxdur.

“Daşınmaz əmlak sektoru xaotik şəkildə inkişaf edir və heç bir dövlət qurumu bundan ötrü heç bir məsuliyyət daşımır. Hökumət tərəfdən də ciddi tədbirlər planı hazırlanmır. Bunun səbəbi tikinti şirkətləri arasında rəqabətin olmamasıdır”-deyən Elnur Azadov bildirib ki, rəqabətin olması da birbaşa bizim ölkədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlıdır.

“Əvvəlki illərdə tikintiyə onunla bağlı icazə verilmirdi ki, Bakı şəhərinin Baş planı hazır deyildi. Artıq 2023-cü ilin dekabr ayından Bakı şəhərinin baş planı təsdiqlənsə də, bundan sonra ölkədə icazələrin sayı hələ də məhdud saydadır. Yəni son 4-5 il ərzində ən çox da Bakı şəhərində bünövrədən başlayan binaları, sayı barmaqla saymaq olar. Rəqabətin olmaması səbəbindən tikinti şirkətləri qiymətləri artırmaqda davam edirlər. Bakı şəhərində köhnəlmiş, hazırda qəzalı vəziyyətdə olan 197-dən artıq bina var ki, onlar yaşayış üçün təhlükəlidir. 1100 yaxın bina var ki, ümumiyyətlə qəzalı vəziyyətdə olduğu qeydiyyata alınmışdır. Ümumilikdə, 16000 bina var ki, onların istismar müddəti bitib. Bunların problemini kimi həll edəcək? Hökumətin bu resursları yoxdur. Hökumətin əvvəlki illərdə qurduğu strategiya var. Bu da Qarabağ iqtisadi zonasının bərpa olunmasıdır. Amma 16000 isismar müddəti bitmiş binanın və 1100 qəzalı vəziyyətdə olan bu binaların yenilənməsini kim həyata keçirə biləcək? 100-ə yaxın tikinti şirkəti var. Onlardan da normal resursları olan tikinti şirkətlərinin sayı 10-15 arasıdır. Yəni sovet hökuməti vaxtında yaranmış köhnəlmiş və istismar müddəti bitmiş daşınmaz əmlak bazarında yaşayış fondunu kim yeniləyəcək? Bəlli deyil”-deyə Elnur Azadov qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.