Borc içində yaşamaq və “qara günə” toplamamaq – Biz niyə beləyik?
3-06-2025, 11:28

Hər şey sadə görünür: pul azdırsa – az xərclə. Qənaət et, imkanına uyğun yaşa, kredit götürmə.
Amma həyatda hər şey tərsinədir. Biz pul xərcləməkdən qorxuruq, özümüzə qənaət edirik, sonra dözə bilməyib kreditlə yeni telefon alırıq.
Çünki “axı mən də insanam” düşüncəsi var. Yaxud, “bəlkə sabah heç gücüm olmayacaq” düşüncəsi.
Plan əvəzinə – reaksiya. Sabitlik əvəzinə – təşviş.
Maliyyə yastığı əvəzinə – stress, vərdişlər və uşaqlıqdan gələn düşüncə tərzi ilə dolu emosional yastıq.
Qorxu – pis məsləhətçidir
Pul az olanda hər manat sonuncu təsiri bağışlayır. Hər şeyə qənaət etməyə başlayırıq: yeməyə, sağlamlığa, istirahətə, sevincə.
Və bu, ağlabatan görünür. Amma daim “xəttin kənarında yaşamaq” rejimi tədricən düşüncə tərzinə çevrilir.
Yoxsulluq qorxusu daim səni müşayiət edir: görünməz, amma səsini eşitdirən bir fon.
Və təəssüf ki, qorxu qənaət etmir. O, düşünməyə mane olur. Bir nöqtədən o yana keçməyə imkan vermir. Nəticədə hər şey bir emosional partlayışla bitir.
Ani boşluq! Yeni mikrodalğalı soba
Əvvəlcə, çayı üç ay ərzində köhnə termosda dəmləyirik.
Sonra qəflətən – pulun olmadığı halda – kreditlə mikrodalğalı soba alırıq. Çünki bezmişik. Çünki “hamı belə edir”. Çünki “axı mənim də haqqım var”.
Və dövr başlayır: borc, təşviş, yeni məhdudiyyətlər və yenə emosional partlayış.
Tanışdır? Deməli, sən – insansan.
Bəs bu niyə baş verir?
Uşaqlıqadan gələn maliyyə “biliyi”
“Biz bunu ala bilmərik”, “pul pis şeydir”, “varlılar hamısı fırıldaqçıdır”.
Uşaq vaxtı bunu eşitmisənsə, böyüyəndə bank hesabına baxmaqdan qorxman təəccüblü deyil.
Pulun necə işlədiyini bilməmək
Bizi heç vaxt öyrətməyiblər. Nə məktəbdə, nə universitetdə.
Amma kredit və hissəli ödəniş reklamları bunu çox gözəl, şən və musiqi müşayiəti ilə öyrədir.
Xüsusən də beynin yorğun, ruhun xoşbəxtlik istəyirsə – hətta borcla da olsa.
Sosial təzyiq
“Hamı dənizə gedir, hamının yeni telefonu var, uşaq da istəyir”.
Hamı kimi edə bilməyəndə özümüzü pis hiss edirik.
Və budur – ehtiyac olmadığını bilə-bilə kreditə texnika alırıq. Lazım olduğuna görə yox, çünki utanırıq.
Emosiyalar düşündüyümüzdən daha bahalıdır
Maliyyə davranışımız çox vaxt məntiqlə yox, yorğunluq, təşviş, utanmaq hissi ilə idarə olunur.
Biz əslində əşya almırıq – özümüzə nəzarət illüziyası alırıq.
Alış-verişdən yaranan o ani emosional yüksəliş – parlaq, qısa, amma aldadıcıdır. Problemi həll etmir, sadəcə üstünü örtür. Plansız alış-veriş – öz-özünə “Mən həyatımı idarə edirəm” demək cəhdidir.
Amma həqiqi azadlıq – almaqda yox, asılı qalmamaqdadır.
Bəs pul yığmağa nə mane olur?
Anı qaçırmaq qorxusu: “Bəlkə sonra heç imkanım olmayacaq?”
Hədəfin olmaması: “Nəyə görə yığım edim? Onsuz da çatmaz…”
Özünə güvənsizlik: “Onsuz da sonra xərcləyəcəm”
Psixoloji yorğunluq: “Nə yastıq, mən güc-bəla ilə dolanıram…”
Bununla nə etmək olar? Birindən başlamaq lazımdır: məsələnin zəiflikdə yox, həddən artıq yüklənmədə olduğunu qəbul etmək. Və kiçik addımlarla irəliləmək.
Bəs maliyyə yastığı necə olsun?
Bu, ümumiyyətlə, fantastika kimi səslənir.
“Söhbət hansı yastıqdan gedir, supermarketdən gələn qəbzə bax da” –adi insan belə deyəcək. Və haqlı olacaq.
Amma paradoks ondadır ki, bu yastıq ən çətin vəziyyətdə olanlar üçün daha vacibdir.
Maliyyə yastığı — təhlükəsizlik kəməri kimidir.
Hər şey yaxşı olanda maliyyə yastığı artıq görünür.
Amma lazım gələndə – həyatını xilas edir. Bu nədir?
Aşağıdakı hallarda səni xilas edəcək hazır pul ehtiyatı:
İşdən çıxardılar;
Xəstələndin;
Soyuducu xarab oldu (həyatımızın yarısı onun içindədir);
Gözlənilməz böhran baş verdi (və mütləq baş verəcək).
Bu, “Maldiv adalarına getmək üçün yığım” deyil. Bu, “müsahibəyə stresssiz, sonuncu avtobusla yox, vaxtında çata bilimək” üçündür.
Bəs ayıracaq heç nə yoxdursa?
Yaxşı sualdır. Amma heç kim “gəlirin 30%-ni yığ” demir. Bu, hətta, zarafat kimi səslənir.
Söhbət vərdiş yaratmaqdan gedir.
Qoy həftədə 5, ya 10 manat olsun. Əsas məbləğ yox, başlamaqdır.
Hətta kiçik ehtiyat – bu, nəzarət hissidir. Bu, panikaya düşmək yox, seçim etmək imkanıdır.
Gəlir qeyri-sabitdirsə?
Azad iş, mövsümi iş, əlavə qazanc – sabitlik vermir.
Amma burada da dəstək nöqtəsi yaratmaq olar:
Gəliri “əsas” və “müvəqqəti” hissələrə bölmək: məbləğ az olsa da, bir hissə ehtiyaclara, bir hissə yastığa.
“Ən pis ay”a uyğun yaşamaq: ortalama 800 manat qazanırsan, amma bəzən 400 manat olur? Büdcəni 400 manata görə qur.
1-2 aylıq xərcləri qarşılayacaq ehtiyat yaratmaq – bu, güvən və elastiklik verir.
Əsas məsələ – fərqli aylardan qorxmamaqdır. Sabitliyi ətrafdan gözləmək lazım deyil, öz əlinlə qurmaq olar.
Sabahdan nə etmək olar?
Ayrı bir zərf, yığım qabı və ya virtual “cib” açmaq
5 manat ayırmaq – məbləğ vacib deyil, başlanğıcdır
Hədəf fikirləşmək: “qripə”, “xarab olan çaydana”, “maaşsız 3 günə” hazırlaşmaq
Telefonundakı mağaza proqramından kartı silmək – “bir kliklə” nəsə almamaq üçün.
Özünə kreditsiz, vicdan əzab olmadan kiçik sevinc imkanı yaratmaq.
Və nəyi anladıq?
İqtisadiyyat – hardasa “orada” yox, cibdədir. Yoxsulluq qorxusu – kalkulyatordan güclüdür. Təhlükəsizlik yastığı – diş fırçası kimidir: dəbdəbə yox, gigiyena məsələsidir. Ən əsası – pul var-dövlət deyil, azadlıq məsələsidir.
Azadlıq qorxmamaq, asılı olmamaq, “görünmək üçün” yox, “yaşamaq üçün” xərcləməkdir.
Necə deyərlər, varlı pulu çox olan yox, yetərin qədər olandır.
Qoy pul sizin hər şeyinizə çatsın – həm həyata, həm də özünüzə güvənə.
Fuad Rəsulov
pressklub