Süni intellekt zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Dünən, 10:24           
Süni intellekt zəka dedilər, insan çıxdı:
Son günlərdə texnologiya sahəsində ən çox müzakirə olunan mövzulardan biri də "Builder.ai” startapının süqutu ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bir vaxtlar 1,5 milyard dollar dəyərində qiymətləndirilən şirkət yaxın günlərdə rəsmi olaraq iflasdan qorunmaq üçün müraciət etdiyini açıqlayıb. "Süni intellektlə proqram təminatı hazırlayırıq” iddiası ilə qurulan imicin arxasında isə əslində yüzlərlə insanın əməyinə əsaslanan bir sistem olduğu üzə çıxıb.

Kodlaşdırma biliklərinə malik olmayan istifadəçilərin də tətbiqlər hazırlamasına imkan verdiyi deyilən "Builder.ai” xüsusilə "Microsoft” ilə qurduğu tərəfdaşlıq və Qətər İnvestisiya Təşkilatının rəhbərliyi ilə əldə etdiyi 250 milyon dollarlıq sərmayə ilə böyük rezonans doğurmuşdu. Lakin bu uğur hekayəsi qısa zamanda suallar doğurmağa başlayıb.

2016-cı ildə Londonda qurulan şirkət süni intellekt vasitəsilə bizneslər üçün fərdi proqram təminatları yaratmaq vədi ilə fəaliyyətə başlamışdı. Ancaq son aylarda yayılan məlumatlara görə, bu sistem əsasən Hindistanda çalışan yüzlərlə proqramçı tərəfindən idarə olunur. Başqa sözlə, "süni intellekt” adı altında təqdim olunan xidmətlərin əksəriyyəti real insanlar tərəfindən həyata keçirilirmiş.

Bu faktın ortaya çıxması şirkətin nüfuzuna ciddi zərbə vurdu. İdarə heyətində dəyişiklik edilib, yüzlərlə işçi işdən çıxarılıb. Buna baxmayaraq, problemlər daha da dərinləşib. Qırılma nöqtəsi isə "Builder.ai”yə kredit ayıran "Viola Credit”in şirkətin hesablarından 37 milyon dollar çıxararaq orada cəmi 5 milyon dollar saxlaması olub. Bu hadisə şirkətin beş ölkədəki əməliyyatlarını dayandırmasına səbəb olub.

Şirkətin təqdim etdiyi texnologiyanın real olub-olmaması ilə bağlı müzakirələr sosial şəbəkələrdə də əks-səda doğurub. Maliyyə sektoru üzrə mütəxəssis Linas Belyunas paylaşımında bildirib ki, "Builder.ai” əslində gerçək süni intellekt istifadə etmir: Hindistandakı proqramçılar avtomatlaşdırılmış kimi təqdim olunan prosesləri əl ilə icra edirmiş.

Keçmiş işçilərin açıqlamalarına görə, şirkət həm də investorlarına təqdim etdiyi satış rəqəmlərini şişirdib. Bu isə "Builder.ai”nin texnoloji deyil, eyni zamanda maliyyə baxımından da qeyri-şəffaf fəaliyyət göstərməsi ilə bağlı tənqidləri gücləndirib.

"Builder.ai”nin yaşadığı böhran yalnız bir startapın süqutu deyil, süni intellekt sahəsindəki sürətli yüksəlişin nə qədər zəif əsaslara söykəndiyini də nümayiş etdirir. Şirkətin iflas prosesi Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Hindistan kimi ölkələrdəki əməliyyatlarını da əhatə edəcək şəkildə genişlənə bilər.

Xüsusilə böyük sərmayədarların bu prosesdən necə təsirlənəcəyi və tənzimləyici qurumların şirkətin marketinq fəaliyyətləri ilə bağlı hansı addımlar atacağı maraq doğurur. "Builder.ai”yə sərmayə qoymuş Qətər İnvestisiya Təşkilatı kimi əsas oyunçuların ciddi maliyyə itkiləri ilə üzləşdiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.