Ağdam Sosial-İqtisadi Kollecində nə baş verir?

6-06-2015, 07:45           
Ağdam Sosial-İqtisadi Kollecində nə baş verir?
Natiq Cavadov ona bəslənən ümidləri doğrulda bilmədi

Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyətində yer almış çeşidli neqativ hallara dair açıqlamalar təqdim olunmaqdadır. Hətta bir müddət bundan əvvəl bu təhsil müəssisəsinin rəhbərliyinin dəyişdirilməsi də gözlənilən nəticələri vermədi. Belə ki, kollecə direktor təyin olunmuş Natiq Cavadov da ona bəslənən ümidləri doğrulda bilmədi, daha dəqiq desək doğrultmaq istəmədi. İddialara görə təyinatından artıq bir ildən artıq müddət keçən direktorun bir çox qanunsuz hərəkətləri müəllim və tələbə kollektivinin narazılıqlarını son həddə çatdırıb. Xatırladaq ki, Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin Qərarına əsasən Ağdam Kənd Təsərrüfatı və Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumlarının bazasında, bu təhsil müəssisələrinin birləşdirilməsi əsasında yaradılıb. Hazırda kollecdə Fiziki tərbiyə müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Maliyyə işi; Nəqliyyatda daşımaların təşkili; Yol hərəkətinin təşkili ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Artıq qeyd olunduğu kimi bir çox digər təhsil müəssisələrində olduğu kimi Ağdam Dövlət Sosial-İqtisadi Kollecində də tələbələrin yüksək səviyyədə təhsil alması üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Lakin aldığımız məlumatlardan bu qənaətə gəlmək olur ki, Natiq Cavadov bu müəssisədə normal tədris metodikasının tətbiqində qətiyyən maraqlı deyil. Belə ki, kollecdə hələ də köhnə rəhbərliyin dövründən qalan problemlər yaşanmaqda, köhnə qaydalar hökm sürməkdədir. Redaksiyamıza müraciət edən bəzi tələbələr kollecdə baş alıb gedən rüşvət hallarından şikayətlənirlər. Açıqlamalarda bildirilir ki, Natiq Cavadov kollecdə baş verən qanun pozuntularına bir başa nəzarət edir. Belə ki, kollecin tələbələrindən ümumi imtahanlardan keçmək ümün 80-100 manat arası rüşvət yığılır. Həmçinin məlumatlarda vurğulanır ki, kollecdə dərslərə davamiyyət bu gün köhnə rəhbərliyin dövründə olduğundan aşağı səviyyədədir. Məşğələlərdə iştirak etmək istəməyən tələbələr rüşvət müqabilində imtahanlardan qiymət ala biləcəklərinə əmin olduqları üçün dərslərə gəlmirlər. Hətta bir çox tələbələr semestr ərzində bircə dəfə belə olsun kollecdə nəzərə dəymirlər. Direktor və şöbə müdirləri isə bu kimi hallara maddi maraqlarının təmin olunması müqabilində göz yumurlar.

İddialara görə bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecində vəziyyət elə bir həddə çatıb ki, artıq burada oxuyub öz savadı ilə qiymət almaq istəyən tələbələrə pis baxırlar. Bu xüsusda aldığımız məlumatda deyilir: “Natiq Cavadov kollecdə təhsilin inkişaf etməsi üçün lazım olan işləri görmür. Öz savadına arxalanıb, pul ödəməkdən imtina edən tələbələr burada sıxışdırılırlar Şöbə müdirləri, habelə bəzi müəllimlər direktora ən yaxın şəxslər hesab edilir. Bunun səbəbi isə odur ki, direkor öz idarəçilik üsullarını məhz həmin şöbə müdirləri və müəllimlərin vasitəsilə tətbiq edir. Buna görə də kollecimizdə təhsilin göstəriciləri çox aşağıdır…” Qeyd etmək lazımdır ki, son illər Ağdam Dövlət Sosial-İqtisadi Kollecində baş verən özbaşınalıqlar, qanunsuz əməllər bu təhsil müəssisəsinin nüfuzunu onsuz da xeyli aşağı salmışdı. Məhz buna görə də Təhsil Nazirliyi tərəfindən kollec rəhbərliyinin dəyişilməsi barədə qəbul olunmuş qərar ictimaiyyət ərəfindən də rəğbətlə qarşılanmışdı. Lakin aradan keçən müddət ərzində bu dəyişikliyin heç bir müsbət nəticə verməyəcəyi artıq hamıya aydın olub. Bəzi mənbələrin iddialarına görə isə, Natiq Cavadovun təyinatı yalnız kollec üzrə yığılan məbləğlərin artımı ilə əlamətdar olub…

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.