"Azərbaycanda sabiq "Vaqner" döyüşçüləri həbs edilib: Bakı Moskvaya mesaj göndərir" - Ukrayna KİV-ləri

Dünən, 09:37           
"Azərbaycanda sabiq "Vaqner" döyüşçüləri həbs edilib:
"Bu, həm ölkə daxilində hüququn aliliyini gücləndirir, həm də beynəlxalq aləmdə Bakının Qərbyönümlü mövqeyini təsdiqləyir..."

Azərbaycan hüquq-mühafizə orqanları keçmiş "Vaqner" üzvləri olan iki vətəndaşını - Ramil Ramiz oğlu Əliyev (1991-ci il təvəllüdlü) və İsmayıl Buludxan oğlu Həsənovu (1974-cü il təvəllüdlü) həbs edib.

Moderator.az xəbər verir ki, bu barədə "ukr.net" nəşri məlumat yayıb.

Rusiya həbsxanasından cəbhə xəttinə

Məlumatda deyilir ki, bu hadisə postsovet məkanında bir ilk sayılır: ilk dəfə olaraq bir ölkə öz vətəndaşlarını Ukraynada muzdluluq fəaliyyəti və hərbi cinayətlərə görə məsuliyyətə cəlb edir.

Hər iki şəxs əvvəllər Rusiyada cinayət məsuliyyətinə cəlb olunub, qəsdən adamöldürmə və digər ağır cinayətlərə görə məhkum edilib. Onlar Rusiyanın məşhur "Proyekt K" proqramı çərçivəsində "Vaqner" qruplaşmasının keçmiş rəhbəri Yevgeni Priqojin tərəfindən Rusiya koloniyalarından seçilərək cəbhəyə göndərilib. Məqsəd sadə idi: azadlıq qarşılığında Kremlə xidmət etmək.

Ukraynada fəaliyyət, Bakıda mühakimə

Azərbaycana qayıtdıqdan sonra onların fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb. 10 iyul 2025-ci ildə Səbail Rayon Məhkəməsində keçirilən iclasda onların hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı irəli sürülən ittihamlar sırasında Ukrayna ərazisində odlu silah və partlayıcı maddələrdən istifadə, habelə başqa şəxsləri də "Vaqner" sıralarına cəlb etməyə cəhd göstərmək kimi ciddi maddələr yer alır. Məhkəmə qərarı muzdluluq və ya terrorçuluqla bağlı maddələrlə əsaslandırılıb.

Bakı Moskvaya mesaj göndərir

Azərbaycan mətbuatında və beynəlxalq müşahidəçilər arasında bu qərar yalnız cinayət işi kimi deyil, həm də geosiyasi mesaj kimi dəyərləndirilir. İndi "Vaqner" döyüşçüləri Azərbaycanda qəhrəman deyil, potensial hərbi cinayətkar kimi görünürlər.

Ekspertlər bildirir ki, bu cür sərt mövqe, xüsusən də Moskva ilə münasibətlərin soyuduğu bir dövrdə atılmış açıq addım kimi qəbul olunur. Xatırladaq ki, prezident İlham Əliyev son aylarda Ukraynaya dəstəyini açıq şəkildə ifadə edib. Üstəlik, 2024-cü ilin dekabrında baş vermiş AZAL təyyarə qəzasına görə Bakının Rusiyanı beynəlxalq məhkəməyə verəcəyini bəyan etməsi də bu fonu tamamlayır.

Bu hadisə bir daha göstərir ki, Azərbaycanın hüquqi və siyasi mövqeyi getdikcə daha sərt və müstəqil xarakter alır. "Vaqner" üzvlərinə qarşı hüquqi ölçülərin tətbiqi həm ölkə daxilində hüququn aliliyini gücləndirir, həm də beynəlxalq aləmdə Bakının Qərbyönümlü mövqeyini təsdiqləyir. Bu, eyni zamanda digər postsovet ölkələrinə də presedent ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru