"Kontakt-home"-nin fırıldağı ifşa olundu
6-06-2015, 17:57
“Kontakt-Home” mağazalar şəbəkəsi analoqu olmayan fırıldağa əl atıb.
Bu barədə Aktual.az-a paytaxtın Ramanı qəsəbəsində yaşayan Məmmədovlar ailəsi məlumat verib.
Onların sözlərinə görə, bir neçə ay əvvəl "Kontakt-home" mağazalar şəbəkəsinin 4-cü mikrarayonda yerləşən filialından kreditlə “İndesit”markalı soyuducu alıblar. Problem də elə bundan sonra başlayıb.
Krediti vaxtından əvvəl ödədiklərin bildrən ailənin sözlərinə görə, soyuducu xarab olduğundan uzun müddət istifadə edə bilməyiblər. Mağazadan verilən kredit talonundan istifadə edərək servislə əlaqə saxlayan ailəyə, ilk olaraq burada heç bir köməklik olunmayıb.
Ailə başçısını yeni itirmiş 2 azyaşlı qız və analarını sahibsiz zənn edən servis əməkdaşlarına, bu dəfə də ailənin yaxınları zəng edib. Bundan sonra soyuducunu servisə aparan şirkət işçiləri 20 gün keçəndən sonra təkrar əlaqə saxladıqda elə bir məlumat veriblər ki, soyuducunu alan ailə və yaxınları şoka düşüb. Sən demə bu soyuducunun təkcə adı “İndesit” imiş. Qalan parçaları ordan-burdan götürülərək Bakıda sex şəraitində yığılıb və təzə adı ilə satılıb. Pulunu ödədiyi halda soyuducusuz qalan bu ailəyə hələ də heç bir köməklik göstərilməyib.
Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadığından bu barədə münasibət öyrənə bilmədik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.