Azərbaycanda aztəminatlı əhali üçün 2000-ə yaxın sosial mənzil tikiləcək
18-11-2016, 19:18
Gələn il mayın 1-dək “Elektron hökumət” portalında “güzəştli mənzil” sistemi yaradılacaq.
"Report" AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev məlumat verib.
Onun sözlərinə görə, sistemdə sənədlərin siyahısı və şərtlər yerləşdiriləcək. Bununla da, vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mənzilləri güzəştli və uzun müddətli ipoteka ilə əldə edə biləcəklər. Mənzil ipoteka krediti hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90%-ni təşkil etməlidir.
“Qaydalara uyğun olaraq, əhalinin müəyyən aztəminatlı kateqoriyaları müəyyən edilib. Əsas güzəşt ondan ibarətdir ki, mənzillər tam təmirli olmaqla, orta bazar qiymətindən aşağı satılacaq. Mənzil inşaatı üçün artıq ilk torpaq sahəsi (11,6 hektar) ayrılıb. Bununla əlaqədar Baş Plan hazırlanıb, işçi planın isə hazırlanması üzrə işlər başa çatır. Mənzillərin 1, 2 və 3 otaqlı olması planlaşdırılır”, – deyə S.Nuriyev bildirib.
Diqqətə çatdırılıb ki, güzəştli mənzillərə 3 il ərzində kirayə və ya icarəyə verilməsi, həmçinin özününküləşdirilməsi ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq. Gələcəkdə paytaxtla yanaşı regionlarda da bu cür mənzillərin tikintisi nəzərdə tutulur.
S.Nuriyev onu da qeyd edib ki, Azərbaycanda 2 minə yaxın sosial mənzilin tikintisi nəzərdə tutulur.