Perojki satdığı üçün bufetçini işdən çıxaran məktəb direktoru bufetdə perojki satdırır – Bufetdə azyaşlı uşaq işə götürülüb
23-11-2016, 18:44
Şəmkir rayon Düyərli kənd sakini Muradova Nəzakət Avropa.info-ya müraciət edib.
N.Muradova bildirib ki, yaşadığı Düyərli kənd 1 saylı orta məktəbində 2013-cü ildən müqavilə ilə bufetçi işləyib.
Onun sözlərinə görə, ancaq məktəbə təyin edilən yeni direktor onu 2016-cı ildən məktəbin bufetində işləməyə qoymayıb.
N.Muradova vəziyyəti belə izah edir: “2014-cü ildə məktəbə yeni təyin olunan direktor Şəhriyar müəllim məni yanına çağıraraq dedi ki, burda işləmək üçün hər ay haqq olaraq mənə 40 manat verməlisən. Mən ona bildirdim ki, nə qədər pul qazanıram, sənə də “haqq” verəm? Mən ancaq verginin pulunu ödəyə bilirəm. Cavabında isə Şəhriyar müəllim mənə bildirdi ki, perojki bişir, ondan gələn gəliri mənə ver. “Vergiyə isə 1 manat da olsun, pul vermə. Vergini mən həll edərəm”.
Beləliklə, işlədiyim müddətdə hər ay Şəhriyar müəllimə 40 manat pul verdim. 2016- ci ilin əvvəlində məktəb təmirə dayandı. Dərs ilinin başlamasına az qalmış Şəhriyyar müəllim məni yanına çağırdı, mənə bildirdi ki, 300 maat pul ver, təmirdən sonra məktəbin bufetində özün işlə. Beləliklə, mən də əlacsız qalıb Şəhriyar müəllimə 200 manat pul düzəldib verə bildim. Bildirdim ki, yerdə qalan 100 manatı və hər ay üçün tələb etdiyi 40 manatı işlər başlayandan sonra verə biləcəm. İndi imkanım yoxdur. Razılaşdıq”.
N.Muradova deyir ki, sonrada Şəhriyar müəllimin məktəbin bufetini başqa adama verdiyini eşidir: “Şəhriyar müəllimin evinə getdim, soruşdum ki, deyilənlər düzdürmü? Bufet başqasına verilb? Şəhriyar müəllim bu xəbəri təsdiqlədi. Mənə dedi ki, bufeti 500 manata başqasına verib. “Çünki sən yerdə qalan 100 manatı düzəldə bilmədin. Oranı işlətmək sənlik deyil”.
N.Muradova aidiyyatı qurumlara müraciət etsə də, heç bir nəticə olmadığını deyir: “Mənə bildirdilər ki, məktəbin direktoru məni perojki satdığıma görə işdən azad edib. Vaxtilə Şəhriyar müəllimə, səndən şikayət edəcəyimi deyəndə, mənə dedi ki, sən kasıb adamsan, mənə heç nə edə bilməzsən. “Get, hara istəyirsən, şikayət et. Mənim pulum da var, arxam da”. İndi mən nə pulumu ala bilirəm, nə də işə bərpa olunuram”
Avropa.info-nun əməkdaşı həmin direktordan münasibət öyrənmək üçün Düyərli kənd 1 saylı orta məktəbdə olub. Direktorun katibəsi Şəhriyar müəllimin başqa yerdə olduğunu deyib. Əməkdaşımızın direktora etdiyi telefon zəngləri cavabsız qalıb.
Avropa.info-nun əməkdaşı məktəbin bufetində perojki satılıb-satılmadığını öyrənmək üçün orada da olub. Bufetdə perojki satıldığını görən əməkdaşımız bir də onu da müşahidə edib ki, burada azyaşlı bir qız bufetçi kimi işlədilir. N.Muradova direktorun onu məktəb bufetində perojki satdığı üçün işdən çıxardığını deyib.
Əməkdaşımız kənddən geri dönərkən yenidən məktəbin direktoruna zəng vurub. Direktor N.Muradovanı qanuni olaraq işdən çıxardığını deyib: O hər yerdə məndən şikayət edir. Bundan artıq mənim sizə deməyə sözüm yoxdur”.