Şirvan Apellyasiya Məhkəməsinin hakimi qanunu pozub? – ARAŞDIRMA
24-02-2017, 09:44

Ötən ilin oktyabr ayında Bakı sakini Rafiq Atamxan oğlu Məmmədov qafqaznews.az-a bildirmişdi ki, Kürdəmir rayon Mollakənd kənd sakini Mirabdulla Mirələm oğlu Abdullayevdən 3530 manat tutulub ona verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi 9 aya yaxındır icra olunmur və Ədliyyə Nazirliyinin Kürdəmir Rayon İcra Şöbəsi bu istiqamətdə ciddi bir addım atmır. Oktyabrın 31-də isə Rafiq Məmmədov məsələ ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova da (surəti Göyçay Regional Şöbəsinin rəisi Ruslan Osmanlıya da göndərilməklə) yazılı müraciət ünvanlayıb.
Dekabrın 15-də LEGİON əməkdaşı sözügedən şikayətçi Rafiq Məmmədovla əlaqə saxlayaraq, onun müraciətlərinin nəticə verib-vermədiyini soruşdu. “İlk günlərdə süni “hərəkətlilik” hiss etdim… Yəni, Kürdəmir İcra Şöbəsinin rəisi Arif Yəhyazadə bildirdi ki, tədbirlər görülür, tezliklə Mirabdulla Abdullayevin özü tapılacaq və borcun qaytarılması prosesinə başlanılacaq. Lakin Mirabdullanın atası Mirələm Abdullayev noyabr ayında cəmi 100 manat göndərib və icra şöbəsinə bildirib ki, guya mənimlə ayda 100 manat ödənişə razılaşıb.
Belə bir razılaşmanın olmadığını da Arif Yəhyazadəyə bildirmişəm. Bundan başqa, Göyçay Regional Şöbəsindən mənə göndərilmiş 29 noyabr tarixli məktubda bildirilir ki, guya Mirabdulla Abdullayevin saxlanılması ilə bağlı Nərimanov RPİ-yə noyabrın 2-də təqdimat göndərilib. Bu günlərdə Nərimanov RPİ-yə getdim, amma öyrəndim ki, onlara nə Göyçay Regional Şöbəsindən, nə də Kürdəmir İcra Şöbəsindən heç bir məktub göndərilməyib”.
Göyçay Regional İcra Şöbəsindən məsləhətçi Mübariz Abdullayev isə LEGİON-a bildirmişdi ki, R.Məmmədovun şikayəti tam haqlıdır və Kürdəmir İcra Şöbəsi tərəfindən yol verilən nöqsanlarla bağlı Ədliyyə Nazirliyinin Baş İcra İdarəsində araşdırma başlanılıb (legion.az).
Bu günlərdə yenidən Qafqaz Xəbər Agentliyinə müraciət edən Rafiq Məmmədov bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsindən fevralın 24-də baş tutacaq prosesə dəvət bildirişi gəlib və o, Mirabdulla Abdullayevin apellyasiya şikayəti üzrə məhkəmədə iştirak etməyə dəvət olunub:
“Şirvan Apellyasiya Məhkəməsindən fevralın 9-da gələn SMS bildirişində qeyd olunduğu kimi, mən 25 noyabr 2016-cı il tarixdə Kürdəmir Rayon Məhkəməsinə müraciət etməmişəm və ya tərəf kimi çıxış etməmişəm. Sözügedən tarixdə hər hansı məhkəmə qərardadının qəbul edilməsindən məlumatım yoxdur. Sözügedən bildiriş SMS-ində mən 24 fevral 2017-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinə dəvət olunmuşam. Lakin 25 noyabr 2016-cı il tarixli bir qərardaddan və ya qətnamədən (xüsusilə də, SMS-də mənim iddiaçı olduğum qeyd olunur) məlumatım olmadığına görə, burada qarşı tərəfin və 7 yanvar 2016-cı il tarixli qətnamənin icrasını qəsdən yubadan Kürdəmir İcra Şöbəsinin məmurları ilə razılaşma əsasında hansısa bir “oyun” qurulduğu qənaətindəyəm.
Mirabdulla Abdullayevin əsassız apellyasiya şikayətinin hakim Namiq Məmmədov və ya Şirvan Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul edilməsini qanunsuz hesab edirəm. Mirabdulla Abdullayev məhkəmə qətnaməsilə razı deyildisə, 1 il ərzində niyə məhkəməyə müraciət etməyib və mənə hissə-hissə 500 manat ödəyib? Valideynlərimin səhhətindəki problemlərə görə, Şirvana gedə bilməyəcəm. Amma Şirvan Apellyasiya Məhkəməsinə etiraz ərizəsi göndərmişəm və məsələ ilə bağlı mövqeyimi ifadə etmişəm.
Ona görə də, xahiş edirəm, məsələni araşdırmaqda mənə kömək edəsiniz”. Biz bu sualla Mirabdulla Abdullayevin özünə müraciət etdik.
“Mən ona pulu ödəməyə razı idim, amma noyabrda Kürdəmir İcra Şöbəsindən təzyiqlər başladı ki, pulu birdəfəlik ödəməlisən. Dedilər ki, pulun hamısını ödə, işi bağlayaq. Elə sizin yazılar icraçıları qızışdırıb üstümə salmışdı da… Ondan sonra, mən ödəməni dayandırdım və apellyasiya şikayəti verdim”, – deyə M.Abdullayev bildirdi. O, Rafiq Məmmədova 3 min yox, 2200 manat borclu olduğunu dedi: “Rafiq məndən polisə şikayət edəndə, izahatında 2800 manat yazmışdı. Ondan əvvəl, 700 manatı ona “Gənclik” metrosunun yanında vermişəm”. M.Abdullayev qeyd etdi ki, qətnaməni gec götürüb: “Mənə qətnaməni verməmişdilər”. Onun atası Mirələm Abdullayev isə Kürdəmir Rayon Məhkəməsinin 3500 manatlıq iddia ilə bağlı qəbul etdiyi qətnamədən razı olduğunu bildirdi. “Biz etiraz etmirdik, hissə-hissə ödəməyə hazır idik. Rafiq ayda 100 manat ödənişə razılaşmadı, ona görə də, apellyasiya şikayəti verdik”, – deyə Mirələm Abdullayev bildirdi.
Rafiq Məmmədov isə bildirdi ki, Kürdəmir İcra Şöbəsinin hər hansı təzyiq etməsi barədə xəbərsizdir: “Əksinə, mən icraçıların hərəkətsizliyindən narazı olmuşam. Hissə-hissə, yaxud, ayda 100 manat ödəsəydilər, 1 ildə 1200 manatı almış olmalı idim. Amma cavabdehin atası Mirələm Abdullayev gecikdirə-gecikdirə, iki-üç aydan bir 100 manat göndərirdi. Mən ona “pulu birdəfəlik ödə” deməmişəm. Sadəcə xahiş etmişəm ki, 100 manat yox, daha çox göndərsin, işsiz olduğuma görə, valideynlərimin müalicəsi üçün təcili pul lazımdır. O isə noyabr ayından bəri 1 qəpik də göndərməyib. O ki qaldı izahata… Mənim nümayəndəm 17-ci polis bölməsində 3500 manatı dollar kursuna çevirməklə, 3900 manat yazmışdı. Sonradan işə “mülki məsələ” kimi qiymət qoyulduğuna görə, Kürdəmir Rayon Məhkəməsinə müraciət etdik.
Hakim Rafiq Bağırov Mirabdulllanın dilindən verdiyi iltizamda yazılan 3500 manatı əsas götürdü və xeyrimə qərar çıxardı. Mən Mirabdullladan 700 manat almışam, amma bundan əvvəl onun mənə 4300 manata yaxın borcu var idi”.
Biz Kürdəmir Rayon İcra Şöbəsinə də zəng etdik, lakin cəhdlərimiz boşa çıxdı. Şirvan Apellyasiya Məhkəməsindən isə Qafqaznews.az-a bildirdilər ki, M.Abdullayevin apellyasiya şikayəti buraxılmış müddətin uzadılması ilə bağlı Kürdəmir RM-in qərardadındandır. Vəkil Elçin Sadıxov Qafqaznews.az-a dedi ki, əgər borclu Kürdəmir Rayon İcra Şöbəsinin əməkdaşlarından narazıdırsa, müvafiq qaydada Ədliyyə Nazirliyi Baş İcra İdarəsinə və ya məhkəməyə müraciət edə bilər. “Qanunla, icraçılar iki ay ərzində qətnaməni icra etməliydilər… Tələbkarla borclu arasında yazılı razılaşma olmalıdır. İcraat prosesində icraçılar hər hansı təzyiqlər edibsə, qarşı tərəf onlardan şikayət edə bilər. Fikrimcə, Şirvan Apellyasiya Məhkəməsinin hakimi bu şikayəti rədd edəcək, Kürdəmir RM-in qətnaməsi qüvvədə qalacaq., – deyə V.Sadıxov vurğulayıb.