Məhkəmə “Gəncəbank” rəhbəri haqda qərar verdi

24-06-2015, 10:54           
Məhkəmə “Gəncəbank” rəhbəri haqda qərar verdi
Natalya Kərimovanın əmlaklarına Pərvanə Novruzovanın mülkiyyət və istifadə hüququ itirildi

Gəncənin Kəpəz Rayon Məhkəməsi “Gəncəbank” rəhbəri Pərvanə Novruzovanın əleyhinə qərar verib. Məhkəmə P.Novruzovanın istifadəsində olan əmlakların Natalya Kərimovaya qaytarılmasına yol açan qərar qəbul edib. N.Kərimovanın vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a bildirib ki, 2002-ci ildə "Gəncəbank" ASC Natalya Kərimovaya qarşı iddia qaldırıb. Həmin vaxt N.Kərimova P.Novruzova tərəfindən ölkədən çıxarıldığına görə o, həmin iddiaya baxılarkən məhkəmədə iştirak edə bilməyib. Buna görə də məhkəmə N.Kərimovaya məxsus “Nataşa” salonunun bankın sərəncamına keçməsi haqda qiyabi qərar çıxarıb.

2015-ci il mayın 19-da çıxarılan qərarla “Gəncəbank” ASC-nin Natalya Kərimovaya qarşı iddiasının təmin edilməsi haqda 2002-ci ildə çıxarılan qiyabi qərar ləğv olunub. Həmin qiyabi qərarda N.Kərimovaya məlum olmayan və ondan xəbərsiz tərtib olunan müqaviləyə istinad olunub. Müqavilədə yazıblar ki, guya öhdəliyin təminatı kimi “Nataşa” salonu girov qoyulub və guya Natalya Kərimova ödəmə həyata keçirmədiyindən girov “öhdəliyin” təminatına yönəldilib.

Vəkil deyir ki, bu faktiki olaraq Natalya Kərimovaya məxsus salonun məhkəmə aktı ilə qanunsuz olaraq ələ keçirilməsi idi. Çıxarılan qərardadla Natalya Kərimovaya məxsus olan və “Gəncəbank” İdarə Heyətinin sədri Pərvanə Novruzovaya keçməsinə dair hüquqi əsas yaratmış Kəpəz Məhkəməsinin 2002-ci il tarixli qiyabi qətnaməsi şikayətimiz əsasında ləğv olunub. Həmin işin mahiyyəti üzrə baxılması 29 iyun 2015-ci ilə təyin edilib.
Vəkil bildirib ki, eyni zamanda “Gəncəbank” rəhbəri Pərvanə Novruzova Kəpəz Rayon Məhkəməsi vasitəsilə Natalya Kərimovaya məxsus mənzili də ələ keçirib: “Natalya Kərimovanı ölkədən didərgin saldıqdan 6 il sonra mənzilini də Kəpəz Rayon Məhkəməsi vasitəsilə ələ keçirib.

Bu 2006-cı ildə baş verib. Belə ki, həmin qətnaməyə əsasən P.Novruzovanın cavabdeh N.Kərimovaya qarşı ”alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzilin mülkiyyətinə verilməsi" tələbi irəli sürülüb, məhkəmə isə Natalya Kərimovanın ümumiyyətlə 6 il ölkədə olmamasına baxmayaraq, bu alqı-satqının necə baş tutmasına aydınlıq gətirmədən Kərimovanın sonuncu əmlakının da mənimsənilməsini hüquqi tərəfdən təmin edib. “Gəncəbank” rəhbəri Pərvanə Novruzovanın bütün tələblərini icra ediblər. Digər qətnamə kimi bu hal da bizə məlum olduqdan sonra həmin qətnaməni rəsmi şəkildə alıb, 9 il sonra ondan Gəncə Apelyasya Məhkəməsinə Kəpəz Rayon vasitəsilə şikayət etdik.

Həmin şikayət icraata götürülüb və 11 avqust 2015-ci ildə hakim Azər Bayramov tərəfindən baxılacaq. Bununla da N.Kərimovanın hüquqlarının pozulmasına əsas verən qətnamə hüquqi qüvvəsini itirib. Natalya Kərimovanın əmlaklarına Pərvanə Novruzovanın mülkiyyət və istifadə hüququ itirildi. Yəni Nataşa Kərimovanın daşınmaz əmlakının mülkiyyət hüququ əvvəlki vəziyyətinə gətirilib. Ona görə də həmin əmlakların sahibinə qaytarılması qaçılmazdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.