Daş karxanalarında özbaşınalıqlar baş alıb gedir

25-06-2015, 12:14           

Etiraf edək ki, son zamanlar daş karxanalarında əmək qanunvericiliyinə əməl olunmaması və mövcud vəziyyətin getdikcə daha da geriləməsi müzakirə obyektinə çevrilib. Həmçinin əksər daş karxanalarının əksəriyyətində analoji vəziyyət hökm sürməkdədir ki, bu da vətəndaşları narahat edən məsələlərdəndir. Ümumiyyətlə, bu gün hansısa daş karxanasında işçilərlə müvafiq tələblərə uyğun əmək müqaviləsinin bağlandığını təsəvvür etmək çətin məsələdir. Olsa belə, çox güman ki, bu, formal xarakterlidir.
Ən azından uzun illərdir daş karxanalarında hökm sürən özbaşınalıq bu qənaətə gəlməyə əsas verir. Dəfələrlə bu haqda yazılsa da, bu sahədə müsbətə doğru əsaslı nəticə əldə edilməyib. Bir sözlə, bu gün ölkədə fəaliyyət göstərən daş karxanalarında kifayət qədər nöqsanlar var. Həmçinin qanunvericiliyin tələbləri pozulur. İşçilərlə əmək müqaviləsi bağlanmır. Nəticədə də işçinin başına hansısa bədbəxt hadisə gəldikdə ona dəyən ziyana görə müəssisəni günahlandıra bilmir. Dəymiş ziyana görə müəssisədən təzminat tələb etmək hüququndan məhrum olur. Müəssisə isə, belə olan halda məsuliyyətdən qaçır. Nəticədə işçi əmək qabiliyyətini itirir. Dəymiş ziyanın ödənilməsi məsələsini belə qaldıra bilmir. Daş karxanalarında faciəvi şəkildə dünyasını dəyişən insanların ailələrinə heç bir yardım edilmir. Və nəticədə insanlar daş karxanalarının qanunsuz fəaliyyətinin qurbanına çevrilirlər. Ümumiyyətlə, bu gün daş karxanalarına nəzarət yox dərəcəsindədir. Sözügedən müəssisələrin arxasında məmurların dayandığı deyilir. Bu səbəbdən də, daş karxanalarına tam nəzarət etmək mümkün olmur. Həmçinin daxil olan məlumatlarda o da qeyd olunur ki, müəssisələrdə ölüm hallarına ən çox səbəb işçilərin təhlükəsizliyinin təmin olunmamasıdır. Xüsusi geyimlər var ki, işçilər ondan istifadə etmirlər. Məsuliyyətsizlik, ehtiyatsızlıq üzündən insan həyatına son qoyulur. Sözügedən müəssisələrə əsasən bölgələrdən gələn insanların cəlb edildiyi də daxil olan məlumatlar sırasındadır. Onlarla heç bir əmək müqaviləsi bağlanmır. Aşağı əmək haqqı ilə təmin olunurlar. Sonda isə, zərərçəkən heç bir müvafiq quruma müraciət edə bilmir. Nəticədə insanlar hüquqlarını bilməmələrinin qurbanına çevrilirlər. Məlumatlarda daş karxanalarının əksəriyyətində dəzgahların bir çoxunun müasir tələblərə cavab vermədiyi söyləntiləri var. Belə avadanlıqlarda işləmək qorxulu olsa da, təəssüflər olsun ki, həmin daş karxanalarına insanları cəlb edə bilirlər. Deyilənə görə, həmin müəssisələrdə çalışan fəhlələrin bəziləri vərəm və digər xəstəliklərə yoluxublar. Onlar amansızcasına istismar edilirlər. Xarici ölkələrdə bu tip yerlərdə işləyən şəxslərə xüsusi nəfəslik verirlər ki, toz-torpaq onların ciyərlərinə getməsin. Bizdə isə, əksinə daş karxanalarında işçilər üçün heç bir şərait yaradılmır. Fəhlələrin qeydinə belə, qalan yoxdur. Hətta işçilərin əməkhaqları belə, vaxtlı-vaxtında verilmir. Müəssisə rəhbərlikləri maaşların verilməsində gecikmələr edir. Buna görə də işçilərin çoxu 2-3 ay işləyib çıxırlar. Əmək qanunvericiliyinə görə, vətəndaşlar müəyyən vaxtdan sonra məcburi olaraq işlədilə bilməzlər. Karxanalarda isə, səhər saat 8-dən gecə 12-yə kimi işləyənlər var. Onlar bu qədər ağır və zəhmətli işin qarşılığında çox az maaş alırlar. Bir sözlə, daş karxanaları bu gün insanların hüquqlarını pozmaqla məşğuldurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.