“Dedilər ki, “Drujba”nı təcili boşaldın”- ARİF BABAYEVIN KAFESI SÖKÜLÜR
15-03-2017, 15:39

Nəsimi rayonu ərazisində yerləşən və sovet dönəmindən indiyədək fəaliyyət göstərən “Dostluq” kinoteatrının binası sökülür.
Gununsesi.info-nun xəbərinə görə, “Dostluq” kinoteatrının binasını sökülüb, yerində hündürmərtəbəli yaşayış evləri tikiləcək. Bununla əlaqədar olaraq, “Dostluq” kinoteatrının binasında fəaliyyət göstərən qurumlara da köçürülməylə bağlı xəbərdarlıq edilib ki, tezliklə ərazini boşaltsınlar.
Qeyd edək ki, “Dostluq” kinoteatrının daxilində Xalq artisti Arif Babayevə məxsus kafe-çayxananın da təcili boşaldılmasıyla bağlı xəbərdarlıq olunub.
“Bizə dedilər ki, “Drujba”nı təcili boşaldın”.
Bu haqda isə Gununsesi.info-ya Xalq artisti A. Babayev Nəsimi rayonu ərazisində yerləşən və sovet dönəmindən indiyədək fəaliyyət göstərən “Dostluq” kinoteatrının binasının sökülməsiylə bağlı xəbərə münasibət bildirərkən belə deyib.
Gununsesi.info-nun əməkdaşıyla söhbətində A.Babayev faktı təsdiqləyib.
“Məlumat doğrudur. Bu haqda bizə və “Dostluq” kino-teatrının binasında fəaliyyət göstərən digər təşkilatlara da xəbərdarlıq olunub. Lakin kino-teatrın hansı məqsədlə boşaldılmasıyla, nəyə görə söküləcəyi ilə bağlı əlavə heç nə bildirməyiblər”- deyə, o, bildirib.
Onu da qeyd edək ki, “Dostluq” kinoteatrının binasında Xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bələdiyyə Teatrı və 119 saylı Ağdam rayon Seçki Dairəsinin 36 saylı Seçki Məntəqəsi fəaliyyət göstərir.