MƏMURLARIMIZ XARİCDƏ DİNCƏLİRSƏ...-NAZİRİN MENYUSUNA

10-06-2017, 09:02           
MƏMURLARIMIZ XARİCDƏ DİNCƏLİRSƏ...-NAZİRİN MENYUSUNA
Nazir Əbülfəz Qarayev bu gün jurnalistlərə açıqlamasında deyib:“Bu il turizm sahəsində bizim üçün sınaq ili olacaq”.
Haqlı qənaətdir. Çünki nazir “Azərbaycanda iyun ayının 15-dən sentyabrın 15-ə kimi yay mövsümü nəzərdə tutulub. Ötən ilə nisbətən Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlişi gözlənilir”.
Olsun! Amma apardığımız kiçik bir araşdırma bizi xeyli düşünməyə vadar etdi. Məsələn, bəlli olur ki, keçən il Azərbaycana gələn turistlər adambaşına orta hesabla 690 manat, xaricə turist səfərinə gedən bizim ölkə vətəndaşları isə 570 manat pul xərcləyib. Ümumilikdə isə əcnəbilər Azərbaycanda 1,411 milyard manat, bizim Azərbaycan vətəndaşları da xaricdə 1,97 milyard manat xərcləyiblər. Deməli, biz turizmdən gələn gəlirdən 559 milyon manat çox pulu xaricə daşımışıq. Bu isə valyuta deməkdir, çünki xaricdə Azərbaycan manatı işləmir.

İmkanlılarımız xaricdə dincəlirsə, əcnəbilər Azərbaycana gəlməkdə maraqlı olarmı?

Səhv etmirəmsə, inşil Azərbaycanda «Turizm ili» elan olundu, amma yenə də arzuladığımız baş tutmadı… və nazir Ə.Qarayev də hər dəfə səsləndirir ki, hamılıqla çalışıb turizmin inkişafına töhfə verməliyik. Amma necə? Nazir bunu ya demək istəmir, ya da deyib özünü pis kişi olmaq istəmir… Amma kimin xətrinə dəyməsindən asılı olmayaraq mən deməyi özümə borc bilirəm ki, axı imkanlılarımız xaricdə dincəlirsə, əcnəbilər niyə Azərbaycana gəlməlidir? Məsələn, onlar da yuxarıdakı statistikanı yəqinki oxuyurlar və öz ölkələrində də görürlər ki, turistlərinin, yaxud sanatoriyalarında dincələnlərin çoxu Azərbaycandan gələnlərdir.
Mən neçə il əvvəl Yesentukidə dincəlməli oldum. Təsəvvür edirsinizmi, səhər parkda, küçədə, sanatoriya kompleksinin böyük bağında «Salam, əleyküməssalam!»la günü başa vururduq. Yəni, Azərbaycandan bu şəhərə gedən o qədər turist var idi ki, hər addımda salamlaşmalı olurduq…
Qayıdıram Bakı sanatoriyalarına. Adını çəkmək istəmədiyim bir neçə babat sanatoriyaların baş həkimlərindən soruşmuşam ki, sizdə Yesentukidən, Truskavesdən, Kislovodskidən… turist varmı, deyiblər ki, yox.
Niyə «Yox!»? Çünki bizimkilər həmin sanatoriyalara elə acgözlüklə axın edirlər ki, oradakı sakinlər də düşünür ki, Azərbaycan turistləri bura gəlirsə, biz niyə o ölkədə dincəlməliyik???
Və hamımız bilirik ki, nazirlərimiz və onlara bərabər ranqlı məmurlarımız Avropa sanatoriyalarına, orta ranqlılarımız Dubaya, aşağı ranqlılarımız isə Rusiya, Ukrayna, Belorus… sanatoriyalarına axın edirsə, vallah, bir əcnəbi köpəkoğlu Azərbaycana gəlməkdə və dincəlməkdə həvəsli olmayacaq. Odur ki, Azərbaycanda «Turizm ili!» elan etmək yox, məmurlarımızın Azərbaycanda dincəlməsinə nail olmalıyıq. Bax onda Azərbaycana gələn əcnəbi turistlərin sayı artacaq…
A.Məmmədli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.