Mətbuat orqanları çətin durumda: ixtisarlar media sektoruna da sıçradı
13-07-2017, 10:06

Rauf Arifoğlu: “Yarım ildən çoxdur ki, ekstremal vəziyyətdə işləyirik”; Vüsalı Mahirqızı: “Hədəfimiz daha az, lakin peşəkar kollektivlə işləyib yüksək nəticəyə nail olmaqdır”; Aydın Quliyev: “Bəzi xərclərimizi azaltmaqla durğunluqdan çıxmağa çalışacağıq”
Hökumətdə ciddi struktur və kadr islahatlarının aparılacağı barədə uzun müddətdir mətbuatda məlumatlar gedirdi. Hətta son olaraq, bu barədə “Yeni Müsavat” qəzetində yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki, İslamiada və Formula-1 yarışlarından sonra hökumətdə neçə vaxtdır gözlənilən struktur islahatlarına başlanılacaq.
Artıq YAP-ın icra katibinin müavini Siyavuş Novruzov da bunu APA-ya müsahibəsində təsdiq edib. S.Novruzov həm bəzi dövlət qurumlarının ləğv ediləcəyi və birləşdiriləcəyi anonsunu verib, həm də nazir müavinləri səviyyəsində kadr islahatlarının aparılacağını istisna etməyib.
Göründüyü kimi, dövlət iqtisadi vəziyyətin çətinliyini anlayaraq, kəmərsıxma əməliyyatına başlayıb. Əminliklə demək olar ki, özəl sektorda vəziyyət heç də dövlət sektorundan yaxşı deyil. Bir-birinin ardınca müəssisələrin bağlanması, işçilərin ixtisar edilməsi, şəhərdə icarəyə verilən müəssisələrin sayının artması, iri holdinqlərin belə müxtəlif xərclərini ixtisar etməsi vəziyyəti göz önünə sərir.
Biznes sektorunda ən çox çətinlik yaşayan qurumlardan biri də media qurumlarıdır. Maliyyə təminatı əsasən reklamdan olan müstəqil mətbuat orqanları artıq o imkandan da məhrumdur. Çünki reklam verən şirkətlərin də vəziyyəti ağırlaşdıqca, ilk ixtisara düşən xərclər reklam xərcləri olur. Digər tərəfdən, nağdlaşdırma ilə bağlı qoyulan məhdudiyyətlər mövcud maliyyə mənbələrinə çıxışı da qapadıb. Nəticədə media qurumları da vəziyyətdən çıxmaq üçün bir neçə pis variantdan birini seçmək məcburiyyətində qalırlar.
Bəs görəsən, hazırda hansı media qurumları bu çətinliyi real olaraq yaşayır və onlar vəziyyətdən çıxış yolu kimi nələr etməyə başlayıblar?
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sualımıza cavab olaraq bildirdi ki, son günlər məhz nağdlaşdırma ilə bağlı yaşanan maddi çətinliklər səbəbindən qəzetin aylıq 4 nömrəsi ixtisar olunub: “Azərbaycanın biznes sektorunda vəziyyət olduqca gərgindir. Media sektorunda da bu gərginlik özünü göstərməkdədir. Artıq yarım ildən yuxarıdır ki, biz ekstremal vəziyyətdə işləyirik. Hesabdan nağdlaşdırmanın məhdudlaşdırılması ilə bu vəziyyət daha kritik həddə çatıb. Üstəlik, məhz bu qərardan sonra bizim bir sıra reklam verənlərimiz, təxminən 4-ə yaxın hüquqi şəxs bizi tərk edib. Yerdə qalan 3 çox ciddi firmaya məxsus reklam verənimiz isə bir neçə aydır ki, pulları ödəyə bilmir. Belə bir vəziyyət bizim üçün kritik situasiya yaradıb. Ancaq biz çətin anlarda dostlarımızı, əməkdaşlarımızı kənara atmaq taktikası ilə vəziyyətdən çıxmağa üstünlük vermədik. Bu dəfə də qəzetin dövriliyini azaltmaq və dövrilikdən kəsmək qərarını verdik. Biznes qanunlarına görə, kəsilən pulların əvəzində 3 və ya 4 əməkdaşımızı ixtisar etməli idik. Biz bu yolu yox, qəzetin dövriliyini ayda 4 dəfə aşağı salmaqla kağızın, qəzet kağızı üçün olan dəmir lövhələrin və çap pulunun qənaəti hesabına qarşıdakı iki ayda vəziyyətdən çıxmağı yoxlayacağıq. Ümid edirik ki, bu vəziyyətdən çıxa biləcəyik”.
Media kapitanı bildirdi ki, əgər mövcud durumdan çıxmaq mümkün olmasa, qarşıda Azərbaycan mətbuatını, özəlliklə yazılı mətbuatı heç də yaxşı nəticələr gözləmir: “Biz bu barədə dövlət yetkililəri ilə də danışırıq. Onlarla da yazışmalar aparırıq. Mətbuat günü yaxınlaşır. Vəziyyət bu qədər çətin olsa, mən həmin gün ərəfəsində ölkə rəhbərliyinə, prezident İlham Əliyevə müraciət edəcəyəm. Bildiyiniz kimi, prezident İlham Əliyev yazılı mətbuatın qorunması üçün əlindən gələni edir. O, bir fond yaradıb, həmin fond ildə 120 min manat vəsaitlə 33 qəzetə kömək edir. Ancaq bu, kifayət deyil. Çünki qəzet kağızının qiyməti həddindən artıq qalxıb. Kağıza əlavə dəyər vergisi də qoyulub ki, bu da ayda ”Yeni Müsavat"ın xərclərini 400-500 dollar artırır. Belə olan halda, biz vəziyyətdən çıxış yolu üçün, ölkədə yazılı mətbuatın tamamilə sıradan çıxmaması üçün prezidentə müraciət etmək məcburiyyətində qalacağıq".
“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, rəhbərlik etdiyi qurumun idarəetmə siyasəti optimal, daha az, lakin peşəkar kollektivlə işləmək, daha yüksək nəticəyə nail olmaqdır: “Bizim şirkətin strukturlarında əlavə ştat vahidi saxlanılmır. Ona görə də ixtisar etməkdənsə, əlavə xərcləri azaltmaq, şirkət olaraq daha çox marketin, piar işi qurmaq, daha çox reklam cəlb etməklə qazanc əldə etmək və xərcləri optimallaşdırmaq barədə qərar qəbul etmişik. Artıq iki ilə yaxındır ki, bu cür də davam edirik”.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də mətbuatın xüsusilə yay aylarında maliyyə çətinliyi yaşamasını gizlətmədi: “KİVDF-nin mətbuata və mediaya dəstəyinin başladığı 2009-cu ildən bu yana iqtisadi çətinliklərimiz xeyli dərəcədə aradan qaldırılsa da, tam şəkildə həllini tapmadı. Sözsüz ki, əvvəlki dövrlərlə müqayisədə xeyli dərəcədə az olsa da, var. Xüsusilə də yay aylarında bu çətinliklərin yeni təzahürləri meydana çıxır. Çünki yayda həm cəmiyyətdə yaşanan durğunluq mətbuata təsir edir, həm də qəzetlərə, informasiya qurumlarına ictimai maraq zəifləyir. Bunun nəticəsi olaraq qəzetlərin maddi durumunda fərq özünü göstərir. Maddi çətinliklərimiz az da olsa var, lakin mən bunlara müvəqqəti hal kimi baxıram. Çünki hər il yay aylarında vəziyyət belə olur. Ümid edirəm ki, yaxın aylarda, sentyabr-oktyabr aylarında bu çətinlikləri xeyli dərəcədə aradan qaldıra biləcəyik. Ancaq mən heç bir halda bu çətinliklərdən çıxmağın ağırlığını kollektivdə ixtisarlar aparmaq və ya qonorarı, əmək haqlarını aşağı salmağın hesabına həll etməmişəm. Bu il də həmin yolla getməyəcəyik. Çalışacağıq ki, işçilərin sayını da qoruyaq və əmək haqlarını da əvvəlki səviyyədə saxlayaq. Başqa bəzi xərclərimizi azaltmaqla bu yay dövrünün durğunluğundan çıxmağa çalışacağıq”.