Pullu çimərliklərdən pulsuz necə istifadə etməli- Açıqlama
21-07-2017, 09:55

Bütün çimərliklərin tam pulsuz istifadə olunması haqda Bakı şəhər İcra Hakimiyyətinin qərarı var.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Özəl sahibkarların çimərliklərə girişi pullu edərək qanunvericiliyi pozması ilə bağlı bu sözləri deyib:
“Məsələ ondadır ki, dəfələrlə çimərliklərdə dənizə girməyin pulsuz olduğu deyilib. Özəl sahibkarlara məxsus müəssisədə girişin pullu olması qeyri-qanunidir. Əgər orada ləzavimatlardan istifadə olunursa, o başqa məsələ. Amma çimərliyə giriş və çıxış, maşınları yaxınlıqda saxlamaq pulsuz olmalıdır”.
Müzəffər Ağakərimov vətəndaşların belə hallarla qarşılaşdıqda nə etmək lazım olduğuna da aydınlıq gətirib:
“Həmin qanun pozuntusu yaradan çimərliklərin adları Mədəniyyət və Turizm Nazirliyinə, Turizm Assosiasiyası, İstehlakçıların Müdafiəsi təşkilatına verilməlidir. Mətbuat bunu gündəmə gətirməlidir. Çünki bu cür çimərliklərin rəhbərləri, Azərbaycan qanunvericiliyinə və qərarlarına qarşı çıxırlar. Ümumiyyətlə bu həm hüquq müstəvisində, həm də insanlıq olaraq düzgün deyil. Dəniz ölkəyə məxsusdur və bütün vətəndaşların pulsuz istifadə haqqı var. Onu kimisə mənimsəməsi heç bir şəkildə qəbul edilə bilməz. Bununla bağlı radikal şəkildə məsələ qoymaq və bundan yayınanları müəyyən cəzalara cəlb etmək lazımdır. Konkret deyilir ki, çimərlik və dəniz ölkənin sərvətidir. Pulsuz olmalıdır. Xidmət istifadə olmadan bunun pullu olması qəti qəbul edilməməlidir”.