Nazirlikdən Cəlilabadda baş vermiş hadisəyə operativ reaksiya -
20-09-2017, 20:23

“teref.az” saytının 19.09.2017-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda Cəlilabad RPŞ-nin əməkdaşlarına qarşı yönəlmiş iddiaların heç bir əsası yoxdur.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Göytəpə şəhərində yaşayan, magistral yolun kənarında çiyələk alveri ilə məşğul olan iki ailənin - Şükürov və Rzayevlərin təmsilçiləri olan bir neçə şəxs 15.08.2017-ci il tarixdə şəxsi münaqişə zəminində dəmir və taxta parçaları ilə biri-birilərinə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Münaqişə tərəfi olan hər iki ailənin nümayəndələri bununla bağlı Cəlilabad rayon Polis Şöbəsinin Göytəpə PB-nə ərizə ilə müraciət ediblər.
Toplanmış araşdırma materiallarına əsasən 17.08.2017-ci il tarixdə Cəlilabad RPŞ-İstintaq bölməsində fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bir sıra zəruri istintaq hərəkətləri aparılıb, iş üzrə zərərçəkmiş şəxslər dindirilib, hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizaları təyin edilib. Həmin ekspertizaların rəyi hazır olduqdan sonra istintaq orqanı tərəfindən məsələyə obyektiv hüquqi qiymət veriləcək, istintaq yekunlaşdıqdan sonra təqsirkar şəxslər məhkəmə məsuliyyətinə veriləcək.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə