DOĞUŞ VAXTI YERİMƏ QABİLİYYƏTİNİ İTİRDİYİ DEYİLƏN GÜLNARƏ DANIŞDI: "YOLDAŞIM MƏNİ ATMAYIB, ÖZÜM AYRILMIŞAM"

8-10-2017, 13:04           

25 yaşlı Gülnarə Həmidova qanında yaranan sepsis səbəbi ilə yerimə qabiliyyətini itirib. Saytımıza açıqlama verən qadın xəstəliyin onda hamiləlik dövründə üzə çıxdığını bildirib: "Hamililəyimin altıncı ayında məlum oldu ki, qanımda sepsis var. Həkimlər böyrəyimdən keçdiyini dedi. Hamiləliyin davam etməsinin həyatım üçün təhlükəli olduğunu dedilər və uşağı elə altıncı ayında əməliyyatla götürdülər. Əməliyyatdan sonra 10 gün reanimassiyada koma vəziyyətində olmuşam. 10 gün sonra yavaş-yavaş özümə gəlməyə başladım, xəstəxanadan çıxdım . Xəstəxanadan çıxandan sonra qanım düşməyə başladı. Bir müddət xəstə yatdım. Antibiotiklər köçürülürdü. Daha sonra qanköçürmə insititunda müalicə olunmağa başladım. Orada qanımı dəyişdilər. Yəni, bütün qanımı çəkdilər, başqa qan köçürdülər. Şükür qanımdakı mikrobdan xilas oldum". G.Həmidovanın müalicə dövründə bud sümüyünün baş hissəsi- qığırdağı yeyilib və o yerimə qabiliyyətindən məhrum olub: "Qollarımda da ağrılar başlamışdı. İstifadə edə bilmirdim. Sonra masaj, müalicə etdirdim, indi yaxşıdır. Düzdür, tam aça bilmirəm qolumu, amma ayaqlarım kimi də deyil. Ayaqlarım isə düz iki ildir belədir, yeriyə, sərbəst hərəkət edə bilmirəm. Həkim deyir sepsis bud sümüyümün baş hissəsindəki qığırdağı yeyib. Hərəkət edəndə sümük bir-birinə dəyir, dirənir deyə ağrılar olur. Əməliyyat olunacağım təqdirdə yenidən yeriyəcəyimi deyirlər. Əməliyyatla bud sümüyünün baş hissəsinə protes şariklər qoyacaqlar. Hər ayaq üçün 10 min dollar istəyirlər. Onu da ödəməyə imkanım yoxdur. Atamla anam təqaüdçüdür. O təqaüdlə mənim müalicəmi çətinliklə etdirirlər. Əməliyyat üçün tələb olunan məbləği ödəməyə maddi imkanımız yoxdur". 25 yaşlı Gülnarə yenidən yerimək istədiyini bildirir və bunun üçün imkanlı şəxslərdən kömək istəyir: "Əvvəlki həyatıma qayıtmaq istəyirəm. Gəzmək, dolaşmaq, sərbəst hərəkət etmək. İki ildir ailəmin köməyi olmadan hərəkət edə bilmirəm. Getdiyim yer də xəstəxanadır, sonra yenə evə gəlirəm, yenə dörd divar. Bütün günü dörd divarın arasında oturmaq insanı çox sıxır. Üstəlik heç bu dörd divarın arasında da sən özün nəsə edə bilmirsən, sənin üçün edirlər. Atamla anam yaşlıdır. Mənə nə vaxta kimi baxa bilərlər? Bəs sonra? Ona görə imkanlı insanlardan mənə yardım etməklərini istəyirəm. Düzü, bunu etmək istəmirdim. Dostlarım, yaxınlarım dedi müraciət edim. Bəlkə faydası olar. Ümid edirəm həqiqətən də nəticəsi olar. Bu xəstəliyə görə hər şeyimi itirdim. Ailəmi, uşağımı, hər şeyimi. Ali təhsilim var, amma heç işləmək qismət olmadı. Çox istəyirəm işləyim, ailəm, övladım olsun. Ona görə insanlardan laqeyd yanaşmamalarını xahiş edirəm". O, həyat yoldaşı ilə bağlı sosial şəbəkələrdə yayılanlara da aydınlıq gətirdi. Gülnarə həyat yoldaşının onu atmadığını bildirdi: "Sosial şəbəkələrdə həyat yoldaşımın məni atdığını yazıblar. İnsanlar onun ünvanına xoşagəlməz sözlər deyiblər. Qətiyyən elə deyil. Xəstəliyimi biləndə çox ağır günlər yaşayırdım. Yataq xəstəsi idim. Ona və ailəsinə yük olmaq istəmədiyim üçün ayrıldım. İstəmədim qalan həyatını mənə baxaraq keçirsin. Sadəcə özüm istəmədim və ayrıldım. İndi isə tezliklə ayağa qalxıb, valideynlərimin borcundan çıxmaq istəyirəm". Gülnarə Həmidovaya kömək etmək istəyən şəxslər şəkildə göstərilən bank hesabına pul köçürə bilərlər. Qeyd edək ki, bank hesabı Gülnarə Həmidovanın anası Esmira Həmidovanın adınadır. Ayşən Ağayeva

primetime.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.