`Oğlunu imtahansız məktəbə işə götürüb`– Yardımlıda müəllimlərin dərs davası

9-10-2017, 15:17           

Yardımlı rayonu Məlikli kənd ümumi orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanır. Bu barədə Femida.az -a məlumatı adı çəkilən 9 illik məktəbin dil və ədəbiyyat müəllimi Vaqif Əzizov məlumat verib. Onun sözlərinə görə, məktəbin keçmiş direktoru və hazırda həmin məktəbdə rus dili müəllimi işləyən Kamal Həşimov oğlunu imtahandan kənar məktəbə işə düzəldib. Bu isə onun dərs saatının azalmasına səbəb olub.


“ 2009-cu ildən bu məktəbdə işləyirəm. Dil və ədəbiyyat müəllimiyəm. Məktəbin cəmi 28 nəfər şagirdi var. Ədəbiyyat müəllimi vəzifəsində vakansiya olmaya-olmaya Kamal Həşimov oğlu Ramini bura gətirdi. Halbuki, oğlu işə düzəlmək üçün qəbul imtahanından keçməmişdi. Mənim dərsimdən 11 saat alıb ona verdilər. Etiraz edəndə dedilər ki, xoşum gəlmir, məktəbdən çıxım.”

Müəllim daha sonra bildirib ki, məktəbdə özbaşnalıq bununla bitmir. Cəmi 28 uşaq təhsil almasına baxmayaraq məktəbin 22 nəfər işçisi var. Kitabxana olmaya-olmaya süni vakansiya yardılıb, ora direktor təyin edilib.

“Məktəbin direktoru vəzifəsi hazırda vakantdır. Direktor vəzifəsini isə müqavilə ilə ibtidai sinif müəllimi Səyyar İbayev icra edir. O isə baş verənlərə müdaxilə edə bilmir.Hətta Yardımlı rayon Təhsil Şöbəsinə dəfələrlə müraciət etsəm də, nəticəsi olmayıb”, deyə müəllim müraciətində bildirib.

Vaqif Əzizovun bildirdiyinə görə, onun Yeni Azərbaycan Partiyasının üzvü olması Kamal Həşimovda və onun ətrafında olan insanlarda qıcıq yaradır.

“Onlar özləri müxalif fikirli insanlardır. Müxalifət partiyasının üzvləridi. Məni YAP-ın üzvü olduğum üçün qəbul etmirlər.”


İddialarla bağlı qarşı tərəfin də mövqeyini təqdim edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.