Vüsal Kərimli: "Bakıda fəaliyyət göstərən avtobusların 50 faizinin yenilənməsi zərurəti var"
10-10-2017, 08:13

"İctimai nəqliyyat üzrə aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkarlanıb. Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılıb, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib. Bu istiqamətdə işlər davam etdiriləcək".
"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.
O qeyd edib ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib:
"Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən çox avtobusu isə təmir edərək istismara veriblər".
"Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var.