“Az-Granata” MMC mövqeyini bildirdi
10-10-2017, 18:22

teref.az-nun poçtuna “Az-Granata” MMC -dən mövqeyi daxil olub. Lakin teref.az olaraq bildirmək istəyirik ki, bizim saytın müxbirləri dəfələrlə bu şirkətə müraciət etsədə cavab ala bilməyib. İnanırıq ki, “Az-Granata” MMC şirkəti ona qarşı irəli sürülən başqa iddialarada cavab verəgək.
http://teref.az/manset/32615-az-granata-zavodundan-araq-saxtakarligi-foto.html
http://teref.az/sosial/44958-az-qranatanin-sherab-zavodunda-ishchilerin-maashini-kesdiler-bohran.html
http://teref.az/karusel/65099-az-granata-mmc-ile-bagli-iddialar-ttham-var.html
Və başqa ittihamlar nəzərdə tutulur!
“Az-Granata” MMC üçün həmişə dəyərli olan istehlakçı!
Çox təəssüflə qeyd edirik ki, “http://azerinews.org” saytı “Az-Granata” MMC (https://www.azgranata.az) barəsində əsla həqiqəti əks etdirməyən məlumatlar dərc edib. Bununla bağlı mövqeyimizi və qeyd edilənlərin həqiqətə uyğun olmadığını təsdiq edən sübutlarımızı Sizə təqdim edirik.
“Az-Granata” MMC qeyd edilən faktları təkzib edən materialı həmin redaksiyaya təqdim etsə də, eyni zamanda hazırlanan materiallar üçün mövqe bildirməyə hazır olduğunu dəfələrlə rəhbərlik və müəssisənin vəkili vasitəsilə bildirsə də, o, nə mövqeyimizi olduğu kimi dərc etməyib, nə də bizimlə heç bir əlaqə saxlamayıb. Hələ bunlar azmış kimi hətta guya “Az-Granata” MMC ilə əlaqə qura bilmədiklərini də öz yazılarında da qeyd edib.
Bu isə onu göstərir ki, adıçəkilən media orqanının məqsədi həqiqəti üzə çıxarmaq deyil, qəsdən hansısa bir şirkəti gözdən salmaqla müəyyən maddi mənfəət əldə etməkdir.
Həmin sayt qeyd edir ki, guya ki, “Az-Granata”nın məhsulları bazarda ən ucuz məhsullardır və onlar qaraciyər xəstəliyi yaradır. Bunu yazan şəxslər istehsalat prosesinə mane olmamaq şərti ilə istənilən vaxt müəssisədə olub, şəxsən istehsal prosesi ilə tanış ola bilərdi. Çünki “Az-Granata” MMC-nin istehsal zavodu nəinki jurnalistlərin, hətta ali və orta ixtisas məktəblərindən tələbələrin, şagirdlərin, ictimai birliklərin üzvlərinin üzünə hər zaman açıqdır, mütəmadi olaraq müəssisə hesabına onların turist kimi cəlb edilməsi işi həyata keçirilir.
Bundan başqa, bizim məhsulların hər hansı xəstəliyə zəmin yaratması faktını təsdiq edən hər hansı bir maddi sübut və əsaslandırılmış rəy təqdim edilməyib. Digər bir tərəfdən isə müəllif cəmi 20 dəqiqəsini ayrıb alkaqollu içki bazarında araşdırma aparsaydı görərdi ki, əslində ən bahalı yerli spirtli içki məhz “Az-Granata”ya məxsusdur, bu da məhsulların daha keyfiyyətli istehsalı üçün çəkilən xərcin çoxluğu ilə bağlıdır.
Sayt bildirir ki, guya “Az-Granata” öz məhsullarını Ermənistana dolayısı yollarla ucuz qiymətə satır. Belə bir xəbəri biz ciddi ürək ağrısı və təəssüf hissi ilə oxuduq. Çünki bu, təkcə yalan və iftira olmaqla bitmir, həm də Qafqaz bölgəsində ən yaxşı brendə malik olan yerli bir məhsula və onun istehsalçılarına qarşı yönəlmiş məqsədli qarayaxmadır.
Mənzərə dəyərli istehlakçımıza daha da aydın olsun deyə “Az-Granata” barəsində qısa bir xülasə verək. “Az-Granata” MMC hələ 2006-cı ildən başlayaraq Ağsu rayonunun Hacıqədirli və Qaravəlli kəndlərinin ərazisində yeni nar bağları, eləcə də Şamaxı rayonu ərazisində hektarlarla üzüm bağlarının salınmasına başlamışdır. Eyni zamanda Böyük Qafqaz sıra dağlarının Ləngəbiz Dağ silsiləsinin Adnalı dağ yaylasında 400 ha üzüm bağları, Ağsunun Kürdəmir rayonu istiqamətində isə 400 ha nar bağları, 14 ha albalı bağı, 6 ha gavalı bağı, 4 ha tut bağı salınmışdır.
Daha sonra 2011-ci il oktyabrın 29-da Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə Ağsu rayonu ərazisində “Az-Granata” MMC-yə məxsus olan yerləşən zavodumuzun açılışı həyata keçirilmişdir (http://www.president.az/articles/3474). Zavodumuz Qafqaz regionunda ən böyük istehsal müəssisələrindən biri olmaqla, əsasən meyvə və giləmeyvə şirələri, kompotları, konsentratları, mürəbbələri, şərab və araq məhsullarının istehsalı ilə məşğuldur. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Zavodda emal gücü 3000 ton/mövsüm olan üzüm emal etmək üçün köməkçi sex olaraq şərab sexi də fəaliyyət göstərir. Onun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva növü qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çənlərdə saxlanılması (hər biri 50 ton olmaqla 40 ədəd) mərhələləri həyata keçirilir.
Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir, əsasən Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsalı avadanlıqlarla təchiz olunub. “Az-Granata”nın ümumilikdə 450 hektar üzüm və 400 hektar nar bağları var. Nar bağları oqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.
Bundan başqa, “Az-Granata” 30-dan çox alkoqolsuz içkilərini və 100-dən artıq alkoqollu məhsullarını bu gün Amerika Birləşmiş Ştatlarına, Almaniyaya, Çexiyaya, Yunanıstana, Polşaya, Yaponiyaya, Çin Xalq Respublikasına və ümumiyyətlə 20-dən artıq xarici dövlətə ixrac edir.
Hazırda müəssisənin özündə 300-dən artıq işçi, üzüm və nar bağlarında əlavə olaraq 600 nəfərə yaxın insan çalışır. Bununla yanaşı, müəssisə meşələrdə bitən yabanı zoğal, göyəm, tut məhsulları da qəbul edir ki, bu da meşələrdə heç bir məhsul istehsalında istifadə olunmayan meyvə və giləmeyvələri yığmaq üçün əlavə 100-lərlə işçi və yüzlərlə ailənin maddi təminatı deməkdir.
Bundan başqa, “Az-Granata” MMC-nin fəaliyyəti də hər zaman şəffaf olub. Belə ki, hər il müəssisədə vergi yoxlaması keçirilib və buna dair vergi orqanları tərəfindən müvafiq akt təqdim edilib. Bu aktlarda “Az-Granata” MMC-nin fəaliyyətinin, istehsalının və satışının şəffaflığı bir daha öz təsdiqini tapıb. Əslində “Az-Granata” MMC yerli istehsal şirkətlərinin içərisindıə dövlət büdcəsinə ən böyük vergi ödəyən ilk 20 müəssisədən biridir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, ümumiyyətlə, hər hansı bir məhsulu istehsal etməzdən əvvəl onun resepturası hazırlanır və ilkin nümunələr Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində dequstasiyadan keçirilir.Məhz müsbət nəticə alındıqdan sonra reseptura təsdiq edilir. Bundan sonra Səhiyyə Nazirliyinin nəzdində olan Gigiyena və Epidomologiya Mərkəzindən “Gigiyenik sertifikat” alınır. Bu sertifikat əldə edildikdən sonra Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiKomitəsinin nəzdində olan AZS milli sertifikatlaşdırılma sistemi idarəsindən “Uyğunluq sertifikatı” alınır. Bütün bu sənədlər əldə edildikdən sonra məhsulun süzülməsi müəssisənin laboratoriyasının nəzarəti altında həyata keçirilir. Müəssisənin laboratoriyası Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiKomitəsi tərəfindən 2016-ci ildə akkreditasiya olunmuşdur. Bu barədə şəhadətnamə və sertifikatlar da yazımıza əlavə olunaraq Sizə təqdim edilir.
Lakin bütün bu nailiyyətlərə və ölkəmizin brend məhsul istehsalçısı kimi tananması üçün sərf edilən əməyə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri qəsdən, məqsədli və ardıcıl olaraq “Az-Granata” MMC barəsində qətiyyət həqiqətə uyğun olmayan, onun işgüzar nüfuzuna zərər vuran məlumatları dərc etməklə məşğuldur.
Məhz elə bu gərgin əməyin nəticəsində qısa bir müddət ərzində, yəni cəmi 6 il müddətində “Az-Granata” respublikamızda lider bir müəssisəyə çevrilmişdi. Buna da əlbəttə ki, bir çox obyektiv və subyektiv amil təsir səbəb olub:
• Müəssisədə xaricdə ali təhsil almış mütəxəssislərə daha geniş yer verilməsi;
• Azərbaycanın alimlərinin müəssisəyə cəlb edilməsi. Əsasən də Azərbaycan Aqrar Universitetinin professoru Hasil Fətəliyevin və Azərbaycan Texnologiya Universitetinin professoru Ahad Nəbiyevin müəssisəyə cəlb edilməsi və mütəmadi olaraq onların məsləhətlərinin dinlənilməsi;
• Müəssisədə magistrlarla birlikdə elmi tədqiqat işlərinin aparılması;
• Azərbaycan tarixində heç vaxt istehsal edilməyən məhsulların ilk dəfə “Az-Granata”da hazırlanması. Məsələn: qora suyu, Şotlandiya texnologiyası əsasında viski istehsalı, Bolqar rakısına uyğun “Muskat” üzüm şərabı brendinin istehsalı;
• Azərbaycanın milli alkoqollu içkisi olan “Tut” və “Zoğal” araqlarının yeni texnologiya əsasında hazırlanması;
• Azərbaycanın tarixində ilk dəfə olaraq kolleksiya şərabı olan 30 illik “Mil” desert şərabının istehsalı;
• Vodka istehsalında dünyada ilk dəfə olaraq təzə keçi südü ilə vodka hazırlanması;
• Vodkaya Azərbaycanda ilk dəfə gümüş ionlarının əlavə edilməsi;
• Meyvə və giləmeyvə desert şərablarının Azərbaycanda ilk dəfə istehsalı;
• Türk rakısının Azərbaycanda ilk dəfə istehsalı (http://icmal.az/az-granata-ilk-milli-rakimizin-istehsalina-basladi-azerbaycanda-ilk/);
• Bütün ali və orta ixtisas məktəblərindən tələbələrin, şagirdlərin, ictimai birliklərin üzvlərinin zavoda turist kimi müəssisə hesabına cəlb edilməsi;
• Bakıda və regionlarda 70-ə yaxın firma mağazalarının açılması
(http://news.lent.az/news/183599);
• Televiziyada müxtəlif maarifləndirici verilişlərin məhz “Az-Granata”nın dəstəyi ilə həyata keçirilməsi və s.
Bütün bu yuxarıda sadaladıqlarımız “Az-Granata”nın məhsullarının bir brend kimi tanınmasına səbəb oldu. Müəssisəmiz eyni zamanada müxtəlif Beynəlxalq Şərab Festivallarında 10-larla qızıl və gümüş medallara layiq görülüb (http://m.apa.az/az/sahibkarliq-fealiyyeti/174-azerbaycanin-more-ickileri-qablasdirilmasina-gore-beynelxalq-mukafata-layiq-gorulub).
2016-cı ildə isə Azərbaycanın Şərab Festivalında “Az-Granata”nın “Rübai” qırmızı təbii markalı şərabı “Qran-Pri” mükafatına layiq görülmüşdür.
Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycanda vodkaya təzə keçi südünün əlavə edilməsi “Az-Granata”nın yeniliyidir. Məhz keçi südünün tətbiqi nəticəsində vodkanın tərkibi daha da yumşalır və bu da onu daha içimli edir. “Az-Granata”ya qədər bir çox ölkələrdə təzə keçi südündən yox, amma yağsızlaşdırılmış quru süddən istifadə edilmişdir ki, bu da termiki təsirdən deformasiyaya uğradığı üçün bir o qədər də yüksək səviyyədə təsir edə bilmir. Dünyada ilk dəfə təzə keçi südü ilə vodka emalı məhz “Az-Granata”ya məxsusdur.
Bundan başqa, gümüş ionlarının da vodkaya əlavə edilməsi Azərbaycanda ilk dəfə yenə də “Az-Granata”ya məxsusdur. Məhz gümüş ionlarının təsiri nəticəsində insan sərxoş olduğu zaman da yaddaşını itirmir ki, buna da səbəb gümüş ionlarının alkoqolu blokadaya almasıdır.
Yuxarıda göstərildiyi kimi 5 ildən artıqdır ki, “Az-Granata” öz məhsullarını dünyanın bir çox inkişaf etmiş ölkələrinə satır. Əgər məhsullarımız həqiqətən keyfiyyətsizdirsə həmin ölkəkələr niyə hər il bu məhsullardan tonlarla qəbul edir?!
Bir daha diqqətinizə çatdırırıq ki, “Az-Granata”da hər hansı məhsulun süzülmə və qablaşdırılma prosesi ən azı 3 nazirliyin və 1 müəssisə laboratoriyasının nəzarəti altında həyata keçirilir. Biz normal və sivil bir dövlətdə yaşayırıq və bu dövlətdə kim nə istəyirsə onu istehsal edə bilməz. Bu qədər nazirliyin nəzarəti altında istehsal edilən məhsul da xəstəlik yaradıcı və ya zəhərli ola bilməz.
Tam israrla deyə bilərik ki, “Az-Granata” təkcə Azərbaycanın deyil, hətta Qafqaz regionun ən böyük şirə və şərab emalı zavodudur. Belə böyük bir zavodun saxta məhsul istehsal etməyə ehtiyacı yoxdur...
Təəssüf ki, “http://azerinews.org” saytı tərəfindən yazılan və qətiyyən həqiqətə uyğun olmayan yazılar isə “Az-Granata”nın bazardakı işgüzar mövqeyinə də ciddi ziyan vurur. Əlbəttə ki, belə qarayaxma kampaniyası davam etdiyi təqdirdə “Az-Granata” öz hüquq və mənafelərini müdafiə etmək üçün müvafiq hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edəcək...








