Heç bir yorum vermədən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin bu statusunu sizə təqdim edirik: Şəkildə gördüyünüz villa Nardaranın bağ massivində, dəniz kənarında yerləşir. Onun yanında özü boyda başqa bir villa da var idi. Bu villalardan birini artıq söküblər, ikincini də sökməyə başlayıblar. Söküntünü hakimiyyət aparmır, çünki hakimiyyət yalnız kasıb-küsubların daxmalarını sökür. Villaların sahibi bir məmurdur. Deyilənə görə faktiki bu villalarda heç kim yaşamır. Milyonlarla qiyməti olan bu tikililəri elə tikintinin sahibi sökdürür. Səbəbi bilirsinizmi nədir? Adam bu binaların ölçüsünü kiçik hesab etdiyi üçün sökdürür ki, onların yerində daha əzəmətli tikinti yapsın. Yeni tikintidə də yəqin ki, kimsə yaşamayacaq... Adamlar o qədər harınlayıb, qudurublar ki, pullarını xərcləməyə yer tapmırlar. Sadə insanlarımız isə bir tikə çörək peşində...