Bu ərazidəki evlər qanunsuz tikilib - RƏSMİ

11-10-2017, 10:19           
Bu ərazidəki evlər qanunsuz tikilib - RƏSMİ
Abşeron rayonunun Hökməli qəsəbəsindəki "Bozdağ Hökməli" palçıq vulkanının ətrafında tikilən evlər qanunsuz inşa edilib.

teref.az xəbər verir ki, bunu Trend-ə Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Müseyib İbrahimov deyib.

Onun sözlərinə görə, vulkandan bir qədər kənarda – "Nübar" yaşayış sahəsində 4-5 fərdi evin divarlarında çatlar yaranıb.

Əraziyə müəyyən qurumların mütəxəssisləri tərəfindən baxış keçirildiyini deyən M.İbrahimov qeyd edib ki, həmin evlərin sakinlərinin köçürülməsi gündəmdə deyil: "O evlərin hamısı qanunsuz tikilib, heç birinin sənədi yoxdur. İcra nümayəndəliyi torpaqla bağlı heç bir qərar vermir. 1999-cu ildən mənzil-tikinti üçün torpaqların ayrılması səlahiyyəti bələdiyyələrə verilib. Yəqin ki, dövlət səviyyəsində nə isə bir tədbir görüləcək".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə deyib ki, "Bozdağ Hökməli" vulkanının çöküntüləri üzərində tikilən evlərdə çatların yaranma prosesi tam sakitləşməyib. Bu ərazidə nisbi aktivlik müşahidə edilir.

Həmin ərazinin sürüşmə sahəsi hesab olunmadığını nəzərə çatdıran Ə.Qaralov qeyd edib ki, bu ərazidə yamac kəsilərək evlər tikilib, texnogen və insan amili səbəbindən vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib.

Qeyd edək ki, evlərdə yaranan bəzi çatların eni 50 sm-ə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru