Baş redaktordan polis bölməsində izahat alınıb

16-11-2017, 22:36           

Hadisədən səkkiz gün keçməsinə baxmayaraq Xudat polis bölməsinin sahə müvəkkili İlham Azayev hələ də gözə dəymir
Xəbər verdiyimiz kimi, noyabrın 7-dən 8-ə keçən gecə naməlum şəxs və yaxud şəxslər “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyevə məxsus Köhnə Xudat kəndindəki evin hasarının bir hissəsini dağıdıblar. Jurnalistin verdiyi açıqlamaya görə, noyabrın 12-də Xaçmaz rayon polis şöbəsinin rəis müavini Amil Tahirlini məlumatlandırdıqdan sonra qarşı tərəfin məsləhəti ilə Xudat polis bölməsinə gedib. Orada rəis əvəzi Pənah Həsənli ilə görüşüb və ərizə ilə müraciət edib. “Noyabrın 16-da Xudat polis bölməsinin təhqiqatçısı, polis mayoru Rza İbrahimov hadisə yerinə gəldi. O, xeyli müddət əraziyə baxış keçirdi, lazımi suallar ünvanladı və şəkillər çəkdi. Sonra polis bölməsində məndən izahat alındı. Rza İbrahimov işinə çox səliqəli və peşəkarlıqla yanaşdı. Onu da öyrəndim ki, təhqiqat əməliyyat-axtarış tədbirlənin başlamasını məqsədəuyğun sayıb”.

Lakin baş redaktoru narazı salan səbəblər də var. Bu barədə açıqlama verən Müqəddəs Mehdiyev dedi: “Mən hadisə baş verən gün Xudat polis bölməsinə getdim. Növbətçi hissədən mənə sahə müvəkkili İlham Azayevlə əlaqə saxlamağı məsləhət gördülər. Ona telefon açdım və problemi danışdım. Sahə müvəkkili bildirdi ki, Xaçmaz rayon mhkəməsindədir və səhər hadisə yerinə gəlib baxış keçirəcək. Lakin ertəsi gün nə qədər gözlədimsə də sahə müvəkkili gəlib çıxmadı. Ona telefon açsam da cavab vermədi. Kənd sakinləri ilə söhbət zamanı öyrəndim ki, İlham Azayev xidməti ərazisində az-az olur”. Baş redaktor onda olan məlumatlara əsaslanaraq əlavə etdi ki, adıçəkilən sahə müvəkkili vaxtilə DİN sıralarından xaric olunub. Sonradan hansı yollasa quruma bərpa edilib. “Mənə onun hansı səbəblərə görə DİN-dən xaric olunmağını deyiblər. Belə bir adamın yenidən sahə müvəkkili işləməsinin nə dərəcədə qanunauyğun olduğunu deyə bilmərəm. Məni maraqlandıran başqa məsələdir. Necə olur ki, sahə müvəkkili xidməti ərazisində baş vermiş hadisədən səkkiz gün keçsə də qətiyyən vəziyyətlə maraqlanmayıb. Bəlkə də isti izlərlə təqsirkarları üzə çıxarmaq olardı? Nə mənə telefon açıb, nə də ərazidə görünüb. Məncə bu işi araşdırmaq onun maraq dairəsində deyil. Bu şəxs haqqında başqa fikirlər də dolaşır. Obyektiv səbəblərə görə, onlar haqda danışmaq istəmirəm ”.

Baş redaktor dedi ki, sahə müvəkkilinin işə etinasız yanaşması ilə bağlı Xaçmaz rayon polis şöbəsinin rəis müavini Teymur Mehralıyevə də şikayət edib.

Müqəddəs Mehdiyev əmindir ki, baş vermiş hadisə Xudat polis bölməsində qanun çərçivəsində araşdırılacaq. Təhqiqatçının da ciddi şəkildə hərəkətə keçməsi bunu göstərir. “Bir daha deyirəm, söhbət on beş mişar daşının dağıdılmasından getmir. Bu böyük ziyan deyil. Lakin hadisə kimlər tərəfindən və hansı məqsədlə törədilib, məni maraqlandıran budur. Həmin şəxsi aşkarlayan adam üçün ailə büdcəmizdən mükafat da ayırmışıq”.

Mövzuya qayıdacağıq.

“Şimal xəbərləri”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.