KİVDF jurnalistləri mükafatlandırdı

26-12-2017, 09:15           
KİVDF jurnalistləri mükafatlandırdı
Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

Tədbirdə fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.

Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. 2017-ci ilin Azərbaycan mediasının böyük bayram sevinci yaşadığını vurğulayan icraçı direktor iyul ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün inşa edilmiş binada 255 jurnalistə mənzillərin verilməsini tarixi və əlamətdar hadisə kimi qiymətləndirib.

V.Səfərli jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları - iki binanın istifadəyə verilməsini və sayca üçüncü binanın təməlinin qoyulmasını dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib. Bu qayğıkeş münasibətə görə ölkə jurnalistləri adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü ifadə edən V.Səfərli dövlətimizin başçısını doğum günü münasibətilə təbrik edib, xalq və dövlət naminə yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.

Vüqar Səfərli son yazı müsabiqəsinə 66 kütləvi informasiya vasitəsindən 153 yazı təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini qeyd edib.

Ümumilikdə, müsabiqə iştirakçılarından 114 nəfərin mükafatçı olduğunu bildirən İcraçı direktor fondun Müşahidə Şurasının iclasında təsdiq edilmiş yekun nəticəyə əsasən 19 nəfər jurnalistin I, 38 nəfər jurnalistin II, 57 nəfər jurnalistin III yerə layiq görüldüyünü bildirib.

Mükafatlandırılan jurnalistlər sırasında “Yeni Müsavat”ın iki əməkdaşı - redaktor Elşad Məmmədli və müxbir Elşad Paşasoy da var.

Dekabrın 26-da isə KİVDF 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə jurnalistlər üçün bayram tədbiri keçirəcək. Ənənəvi olaraq keçirilən tədbir “Xəmsə” şadlıq sarayında baş tutacaq. Təntənəli mərasimdə fondun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsində I yerin qalibləri mükafatlandırılacaq.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.