"Şəhid sənindir, get nə edirsən et, sənə borcumuz yoxdur”.
8-01-2018, 00:25

Aprel döyüşlərində Şəhid olan evin tək övladı Əlizaman Fərrux oğlu İslamovun anası Hüsrnisə xanım Sabunçu rayon İcra Hakimiyyətinin ona qarşı biganəliyindən şikayətlənib.
Şəhid anası bildirib ki, kömək məqsədi ilə icra hakimiyyəti tərəfindən onun təmir edilən evi yarımçıq qalıb. Şəhid anası icra hakimiyyətinə müraciət edəndə isə, cavab çox sərt olub.
Şəhid anası Moderator.az -a açıqlamasında olanları təəsüf hissiylə danışıb:
“Gözümün ağı-qarası bir övladım var idi, o da aprel döyüşlərində Şəhid oldu. İndi tək qalmışam. Sabunçu rayon İcra Hakimiyyəti kömək məqsədi ilə oğlum Şəhid olandan sonra evimdə yaşamaq üçün şəraitim olmadığına görə evimi təmir etməyə başladı. Bir müddət sonra isə bu təmir yarımçıq saxlanıldı. Məsələylə bağlı icra hakimiyyətinə müraciət etsəm də, cavab çox sərt oldu. İcra başçısının müavini Aftandil Hüseynzadə dedi ki: “Bir belə kömək etmişik, Şükür et. Şəhid sənindir, get nə edirsən et, sənə borcumuz yoxdur”. Mətbəx və pilləkənimin təmiri yarımçıq qaldı. Heç icra nümayəndəliyi də yaxın gəlmir”.
Xatırladaq ki, Əlizaman Fərrux oğlu İslamov 1997-ci ildə anadan olub. 2015-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Gəncədə və sonra Naftalanda xidmətini davam etdirib. Aprel döyüşlərində Şəhid olan Əlizaman aprelin 6-da anasının doğulub boya-başa çatdığı Lənkəran rayon Cil kəndində dəfn edilib.
Yazıda ittiham olunan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.