«Sovetski»də evlər söküldü, etirazlar başladı
8-09-2014, 03:10
Sakinlər vəd olunan kompensasiyanı da ala bilmədiklərini deyirlər
Dünən Bakıda “Sovetski”nin söküntüsü davam etdirildi. Nəriman Nərimanov prospektində yerləşən mənzillərin sökülməsi zaman bir qrup sakin etiraz etdilər. Sakinlər sökülən mənzillərə görə verilən kompensasiyanın miqdarının az olmasına baxmayaraq, vəsaitin verilmədiyindən şikayətləndilər. Hadisə yerinə Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov və Yasamal rayon polis idarəsinin rəisi Sabir Ağayev gəlib.
Sakinlər əməkdaşımıza bildiriblər ki, hökumət nümayəndələri bəzi mənzil sahibləriylə gizlin şəkildə görüşüb anlaşırlar: “Kiminlə anlaşma mümkündürsə, edirlər. Sonra da həmin ərazini sökürlər. Bir sözlə, yavaş-yavaş ərazini boşaltmağa çalışırlar. Məqsədləri odur ki, insanları çarəsiz qoyub sonda istədikləri məbləğlə yola salsınlar”.
Etiraz edənlərin əksəriyyəti mənzillərinin sahəsi cəmi 30 kvadratmetr olan vətəndaşlardır. Etirazçılar bildirirlər ki, hər kvadrata veriləcək 1500 manat kompensasiya ilə mənzil almaq müşkül məsələdir. Bu qiymətə əmlak bazarında mənzil yoxdur.
Bəzi sakinlər “Sovetski”nin sökülməsinə etiraz etmirlər, yalnız bazar qiymətinə təzminatın verilməsini istəyirlər: “Əslində çox adam istəyirdi ki, bura sökülsün. Çünki küçələr pis vəziyyətdədir. Evlərdən isə danışmağa dəyməz. Evlər çox köhnədir. Uçulub dağılırlar. Zibillik əlindən adam xəstəlik tapır. Çox insanın ürəyincə oldu buranın sökülməsi. Ancaq bircə narazı olanlar evlərinin kvadratmetri az olanlardır. Onlar verilən pulla özlərinə şəhərin başqa yerində ev ala bilməyəcəklər. Gərək onların kompensasiyasını artırsınlar. Yaxud da onlara ev versinlər. Çünki onlar evsiz qalacaq”.
Etiraz edən sakinlərlə görüşən Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov onlara söz verib ki, sökülən evlərin sahiblərinə yaxın günlərdə kompensasiya veriləcək.
“Bu gün Bakının Sovetski məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəməyən ailələrin evlərinin sökülməyə başlaması, hətta guya körpə uşaq olan evin buldozerlə sökülməməsi üçün qadınların yalvarması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir, yalandır. Bu xəbərlər bizi də təəccübləndirdi”. Bunu APA-ya açıqlamasında Köçürmə Komissiyanın sədri Səməd İslamov söyləyib.
S.İslamov bildirib ki, Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Onun sözlərinə görə, Köçürmə Komissiyası ilə imzalanan alqı-satqı müqaviləsindən sonra həmin mənzillərin boşaldılması üçün vətəndaşlara 1 ay vaxt, eyni zamanda hər ay üçün 500 manat olmaqla, iki aylıq kirayə haqqı verilir: “Həftədə iki dəfə Komissiyanın iclası keçirilir, hər iclasda 70-80 mənzilin alqı-satqısı ilə bağlı razılaşdırma protokolu imzalanır. Yəni həftədə 150 mənzilin alqı-satqısı barədə razılaşdırma protokolu imzalanır. Əgər bu evlər dövlət tərəfindən alınıbsa, paralel olaraq hər həftə alqı-satqısından 1 ay ötmüş evlərin təhvil alınaraq sökülməsini təmin edirik. Bu gün də söküntü işləri aparırdıq, ərazidə Maliyyə Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən asayişi təmin etmək üçün Yasamal Rayon Polis İdarəsinin əməkdaşları vardı. Söküntü işləri Yasamal rayonu N. Nərimanov 168 ünvanında alqı-satqısı aparılmış və köçmə üçün verilmiş 1 aylıq müddəti başa çatmış evlərdə aparıldı. Bu zaman 153 saylı məktəbin qarşısında bizə 3 qadın yaxınlaşdı. Həmin qadınların yaşadıqları mənzillərdə ölçü işləri aparılıb, onlarla hələ alqı-satqı barədə razılaşma protokolu imzalanmayıb. Onlar tələb edirdilər ki, mənzillərinin hər 1 kv metri üçün 1500 manat yox, 2500 manat ödənilsin, yoxsa bu gün söküləcək və onlara aidiyyəti olmayan evlərin də sökülməsinə yol verməyəcəklər. Bu insanların yaşadıqları mənzillər söküləcək mənzillərdən 50 metr kənardadır, söküntü işlərinin onların evləri ilə heç bir əlaqəsi yoxdur”.
Tumar Həsənov.
teref.az