Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasına 3 ixtisas üzrə qəbul qaydası dəyişib
15-02-2018, 08:38

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydalar"nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
Dəyişikliyə əsasən bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)” və “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar da qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
İndiyə qədər ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları və jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarını yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərdilər. Dəyişikliyə əsasən bundan sonra Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (jurnalistika ixtisası istisna olmaqla) ixtisas magistraturasının ixtisaslaşmalarını DİM tərəfindən elan edilən müddətdə DİM-in rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və həmin imtahandakı nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar, jurnalistika üzrə magistratura ixtisaslaşmalarını isə DİM tərəfindən elan edilən müddətdə DİM-in rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından “məqbul” qiymət alan, proqram seçimi zamanı jurnalistika üzrə proqramı seçən və ixtisas imtahanının nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar seçə biləcəklər.