Axtarışa verilən məktəb direktoru haqqında yayılan məlumatlara münasibət bildirib

28-08-2015, 13:24           
Axtarışa verilən məktəb direktoru haqqında yayılan məlumatlara münasibət bildirib
Azərbaycanda barəsində cinayət işi başlanaraq axtarışa verilən məktəb direktoru haqqında yayılan məlumatlara münasibət bildirib.
APA-ya açıqlama verən Vahid Dəmirov bu ilin may ayında vətəndaşın şikayəti əsasında barəsində cinayət işi açıldığını deyib: “Bu ilin may ayının sonlarında vətəndaşın şikayəti əsasında Xətai Rayon Polis İdarəsində mənim barəmdə cinayət işi başlanıb. Həmin vaxt polisdən məni axtarıblar və idarəyə dəvət ediblər. Lakin mən xəstə olduğum üçün polisə gedə bilmədim. Çünki xəstəxanada yatırdım. Xəstəxanadan çıxandan sonra evimizə məktub gəldi ki, barəmdə axtarış elan olunub. Səhəri gün dərhal polisə getdim və işin istintaqını aparan müstəntiqlə görüşdüm. Müstəntiq mənim ifadəmi aldı və könüllü olaraq polisə getdiyim üçün barəmdə verilmiş axtarış işinə də xitam verildiyini dedi. Həmçinin müstəntiq mənim barəmdəki axtarış işinə xitam verilməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə də rəsmi məktub yollayıb. Lakin buna baxmayaraq Bakı şəhər Baş Polis İdarəsi axtarış işini rəsmi saytında yerləşdirib. Mən hazırda axtarışda deyiləm. Barəmdə başlanmış cinayət işinə gəldikdə isə mənimlə bağlı şikayət sübuta yetirilməyib. Yəqin ki, yaxın günlərdə bu işə də xitam veriləcək”.

V. Dəmirov həmçinin barəsində həmin məlumatlar yayıldıqdan dərhal sonra Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdiyini və bu müraciətdən sonra axtarışda olması barədə məlumatların idarənin saytından çıxarıldığını deyib: “Artıq Bakı şəhər Baş Polis İdarəsinin rəsmi saytından mənim axtarışda olmağıma bağlı məlumat çıxarılıb və mən axtarışda deyiləm”.

V. Dəmirov hazırda tam sağalmadığını, müalicəsinin hələ davam etdiyi və tam sağaldıqdan sonra işə çıxacağını qeyd edib: “Mən işdən azad olunmamışam. Xəstəliyim ilə əlaqədar hələlik işə çıxa bilmirəm. Müalicəm başa çatandan sonra vəzifəmin icrasına başlayacam”.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirovun axtarışa verilməsi ilə bağlı məlumat yayıb. İdarənin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd olunub ki, V. Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.