Təhsil nazirimiz müəyyənləşdi

19-04-2018, 00:47           

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirib səlahiyyətlərinin icrasına başlayacaq.

GunAz.org xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezident səlahiyyətlərinin icrasına başladığı gün Nazirlər Kabineti tam tərkibdə istefa verməlidir. Prezident İlham Əliyev Konstitusiyaya uyğun olaraq, yeni Nazirlər Kabineti formalaşdıracaq. Yeni kabinetdə indiki nazirlərdən hansının təmsil olunub-olunmayacağı isə Prezidentin səlahiyyətindədir və qısa müddətdə ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Hakimiyyət dəhlizlərindən sızan məlumata görə, artıq yeni hökümətdə təmsil olunacaq bir-neçə nazirin kimliyi məlumdur. Bunlardan biri də Təhsil Nazirliyinin birinci müavini Ceyhun Bayramovdur. Mikayıl Cabbarovdan sonra nazirin səlahiyyətlərini yerinə yetirən Ceyhun Bayramovla bağlı sərəncamm verilərək, təhsil naziri təyin olunacaq.

Qeyd edək ki, təhsil ictimaiyyətində Ceyhun Bayramov güclü rəhbərlik keyfiyyətlərinə malik bir şəxs kimi qiymətləndirilir. Bildirilir ki, Ceyhun Bayramov yeniliklərə və yeni təhsil trendlərinə meylli rəhbərdir.

Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.