“Olimpiya tuneli” aeroport yolunun qurtuluşu olacaqmı? – Reportaj

3-05-2018, 01:42           

Bakı Olimpiya stadionu yaxınlığından aeroport yoluna çəkilən yeni tunelin işləri tamamlanmaq üzrədir.

Əməkdaşımızın verdiyi xəbərə görə, tunelin çəkilişləri ilə yanaşı yolun asfaltlanması da həyata keçirilir.

Bu təmir-tikinti işləri istər-istəməz tıxaclara səbəb olur. Amma tıxaclar uzunmüddətli olmur. Müxbirimizin sözlərinə görə, mayın sonuna qədər bu işlər yekunlaşmalıdır.

Sürücülərin ürəyincə olan bu tunel yolun qısalmasına, benzin sərfiyyatına qənaətə gətirib çıxaracaq.

Yəni, bundan sonra Ziya Bünyadov prospektindən gələn sürücülər metronun “Koroğlu” stansiyasının önündən keçməyəcəklər.

Dərnəgül yolundan tunelə daxil olub aeroport yoluna və Zabrata gedən körpüyə çıxa biləcəklər.

Bu həm də tıxacların azalmasına səbəb olacaq. Çünki “Koroğlu” stansiyası qarşısında avtomobillərin sıxlığı yaranır.

Həm H.Əliyev prospektindən gələnlər, həm Dərnəgül yolundan gələnlər aeroport yoluna və Bakıxanov qəsəbəsinə getmək üçün metronun “Piramida” adlanan qarşısından keçirlər.

Artıq yeni tunel istifadəyə verildikdən sonra buna ehtiyac qalmayacaq. Hazırda aeroport yolu genişləndirilib, dəmir konstruksiyalar götürülüb, asfalt işləri davam edir.

Tunel hazır olanda avtomobillər Ziya Bünyadov prospektindən sağa – Olimpiya kəndi istiqamətinə – dairədən dövrə vuraraq, Ziya Bünyadov prospektinin altından keçməklə, Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət edə biləcəklər. Tunelin ümumi uzunluğu 655 metrdir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.