Büdcəyə yenidən baxılsa, nələr dəyişər?
5-05-2018, 10:26

Ekspertlər zəruri xərc istiqamətlərini göstərdilər
Azərbaycan Milli Məclisi 2018-ci ilin dövlət büdcəsinə yenidən baxacaq. “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin mayın 15-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.
Bildirilib ki, büdcə ilə bağlı sənədin müzakirələrindən asılı olaraq, dövlət büdcəsinə müəyyən dəyişikliklər ediləcək.(Modern.az)
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, ilin ortasında büdcəyə dəyişiklik edilməsi praktikası Azərbaycanda uzun illər boyu olub: “Bu, heç də hökumətin yaxşı işləməsinin göstəricisi deyil. Əgər büdcə hərtərəfli və dəqiq işlənib hazırlanmış olsaydı, ona dəyişiklik etmək zərurəti yaranmazdı. Hər dəfə belə dəyişikliyə ehtiyac yaranırsa, deməli, büdcənin hazırlanması prosedurlarına dəyişiklik etmək lazımdır. Büdcə daha ciddi müzakirələrdən keçməlidir. Bildiyiniz kimi, Azərbaycanda büdcə müzakirələri çox qısa sürür, ən yaxşı halda 2 həftə çəkir. Halbuki dünyanın əksər ölkələrində bu müzakirələr bir aydan az çəkmir. İndi də dəyişiklik neftin dünya bazar qiyməti ilə bağlıdır. Hazırkı qiymətlər ötən ilin eyni dövründəkindən 46 faiz yuxarıdır. Bu, hökumətin gözləntilərindən də yaxşı göstəricidir”.
Ekspertə görə, hökumət büdcədə neftin qiymətini təxminən 55 dollar civarında müəyyənləşdirəcək: “Artan 10 dollardan əldə olunan 2 milyard dollarlıq gəlir(təxminən 3,5 milyard manat) qədər büdcənin gəlir-xərclərində artım ediləcək. Bu vəsaitin isə daha çox invesitisiya layihələrinə, təmir-tikinti işlərinə yönəldiləcəyi gözlənilir. Çox təəssüf ki, biz əvvəlki səhvləri təkrarlayırıq. Neftin qiyməti artan kimi qeyri-neft iqtisadiyyatının inkişafı, islahatlar-filan keçdi arxa plana. Yenə təmir-tikinti işləri, infrastruktur layihələri önə çəkilir. Bütün bunların dövlət hesabına iqtisadi aktivliyi bərpa edirik. Halbuki bu yolun effektiv olmadığı neftin qiyməti düşəndə sübut olundu”.
N.Cəfərlinin fikrincə, artan gəlirlərin elm-təhsil xərclərinə, İcbari Tibbi Sığorta kimi vacib sosial layihənin tətbiqinə yönəldilməsi daha məqsədəuyğun olardı: “On ildən çoxdur icbari tibbi sığortanı tətbiq etmirlər. Amma düşünürəm ki, artan büdcə vəsaitləri bu kimi sosial əhəmiyyətli layihələrə deyil, daha çox təmir-tikinti layihələrinə yönəldiləcək”.
İqtisadçı-ekspert, Milli Büdcə Qrupunun üzvü Samir Əliyev hesab edir ki, Azərbaycan iqtisadiyyatı büdcədən çox asılıdır: “Nefti çıxmaq şərti ilə, Azərbaycan iqtisadiyyatında özəl sektorun rolu çox aşağıdır. Əsas sektorların hamısı büdcədən asılıdır - kommunal sektor, aqrar sektor və sair. Bu baxımdan, büdcənin artırılmasını normal sayıram. Lakin Azərbaycanda bu gün büdcə xərclərinin səmərəliliyi və şəffaflığı sahəsində ciddi problemlər var. Səmərəlilik aşağı olduğu üçün büdcə xərcləmələrinin iqtisadiyyata müsbət təsiri də az olur. Bu baxımdan, xərclərin artmasından daha çox ayrılan vəsaitlərin səmərəli xərclənməsi amili önə çəkilməlidir”.
Ekspertin fikrincə, büdcə xərcləmələri özəl sektorun iqtisadiyyatda rolunun artırılmasına yönəlik olmalıdır: “Bundan əlavə, elm-təhsil xərclərinin artırılması çox vacibdir. Kommunal sektordakı dövlət müəssisələri özəl əllərə verilməli, dövlətin bu istiqamətdəki xərcləri azaldılmalıdır”.
Xatırladaq ki, 2018-ci il üzrə dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Dünya bazarında isə hazırda neftin barreli 73-75 dollara satılır.
Qeyd edək ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiqlənib.