Azərbaycan Rusiya silahlarını daha ucuz qiymətə alacaq
16-05-2014, 13:32
Azərbaycanın yaxın tezlikdə Rusiyadan aldığı silahların qiymətinin ucuzlaşması gözlənir. Buna əsas səbəb Rusiyanın beynəlxalq silah bazarına çıxışının məhdudlaşdırılması istiqamətində Qərbin atdığı addımlardır. Hesab edilir ki, bu fonda Moskva əsas diqqətini MDB və Asiyanın bəzi ölkələrinə yönəltməli olacaq. Bu zaman Moskva silahını sata bilmək üçün qiymətləri aşağı salmalı olacaq.
Çünki göstərilən bazarda yer alan dövlətlərin heç də hamısının maliyyə imkanları yüksək deyil. Belə vəziyyətdə, qeyd olunduğu kimi, Rusiya silahların qiymətini aşağı endirməyə məcburdur. Bu halda Kremlin Azərbaycana da satdığı silahların qiymətinin aşağı enməsi qaçılmaz olacaq.
Hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyini şərtləndirən əsas faktor Qərbin Rusiya silah müssəisələrinə yeni sanksiyalar tətbiq etməyə hazırlaşmasıdır. Artıq ABŞ Konqresinə Rusiyanın "Rosoboroneksport" şirkəti ilə bağlanmış müqavilələrə yenidən baxılmasını və yeni razılaşmalara qadağanı nəzərdə tutan qanun layihəsi təqdim edilib. Sənəd "Rusiya silahlarına qoyulan embarqoya dair akt - 2014" adını alıb. Qanun layihəsinin müəllifləri senatorlar Den Kouts, Con Karnin və Riçard Blumental məqsədlərinin Ukraynada baş verən hadisələr fonunda Rusiyaya təzyiqin artırılması olduğunu açıqlayıb. Bildirək ki, senatorlar tərəfindən irəli sürülən bu təşəbbüs, həmçinin, Rusiyanın silah ixracatçısı ilə əməkdaşlıq edən istənilən Amerika və digər ölkə şirkətləri ilə müqavilə bağlamağı qadağan edir. Den Kouts məsələ ilə bağlı bildirir: "Bu iqtisadi sanksiya ABŞ iqtisadiyyatına zərər yetirmədən Rusiya maraqlarına böyük zərbə vuracaq".
Rusiyaya silah satışına görə sanksiyalar tətbiqini şərtləndirən daha bir amil silah ticarəti haqqında beynəlxalq müqaviləyə qoşulmaqdan Kremlin imtian etməsidir. "Kommersant" qəzeti yazır ki, Rusiya yaxın vaxtlarda silah ticarəti haqqında beynəlxalq müqaviləni imzalamayacaq. Rusiya Federasiyası hökumətindəki mənbə qəzetə bildirib ki, keçən il BMT Baş Assambleyasında təsdiq edilmiş müqavilə başa çatdırılmayıb və səthidir. Ekspertlər bu fikrə bəraət qazandırsalar da, xəbərdarlıq edirlər ki, müqaviləni imzalamaqdan imtina etmək Moskvanı imic və maliyyə itkiləri ilə qarşılaşdıra bilər. Xatırladaq ki, BMT-nin 193 üzv ölkəsindən 107-si ötən ilin aprel ayında silah ticarəti haqqında beynəlxalq müqaviləni imzalayıb. Konvensiya 70 milyardlıq silah bazarına nəzarəti və bu bazarı nizama salmağı nəzərdə tutur. Konvensiya əsasında tank, zirehli döyüş texnikası, artilleriya, döyüş təyyarələri və vertolyotları, gəmilər, raket sistemləri, həmçinin yüngül atıcı silahların ticarəti aparılacaq. Nüvə, kimyəvi silah və bioloji silahların ticarət üçün ayrıca beynəlxalq konvensiya lazımdır. Hökumətdəki mənbə bununla ilgili bildirir: "Moskva hələ silah ticarəti haqqında beynəlxalq müqaviləyə qoşulmamağa qərar verib. Bu məsələ ilə bağlı prinsipial qərar artıq qəbul edilib. Məsələ il ərzində, Təhlükəsizlik Şurası da daxil olmaqla, bir neçə strukturda müzakirə edilib. Yaxın perspektivdə imzalanma olmayacaq".
Dünya silah ticarətində ABŞ-dan sonra ikinci yeri tutan Rusiya ilə yanaşı sənədə Şimali Koreya, İran və Suriya qarşı çıxıb. Müqaviləyə əsasən, onu imzalayan ölkələr tank, zirehli döyüş texnikası, artilleriya, döyüş təyyarələri və vertolyotları, gəmilər, raket sistemləri, həmçinin yüngül atıcı silahların ticarəti haqqında BMT-yə hesabat verməlidir. İllik dünya silah ticarətinin həcmi 70 milyard dollar qiymətləndirilir. Rusiyalı ekspert Vadim Kozyulin müqaviləni imzalamaqdan imtina edən Rusiyanın tənqid hədəfi olacağını bildirib: "Rusiya tənqid üçün hədəf olacaq ki, razılaşmaya qoşulmayıb, məlumatları vermir, amma Suriya və İran kimi ölkələri silahlandırır".
Qeyd olunduğu kimi, Rusiyaya sanksiyalar bu ölkənin silahlarının qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər və belə vəziyyət Azərbaycana sərf edir. Ölkəmiz Rusiyadan müxtəlif döyüş texnikası alır. Bura T-90S tankları, BMP-3 hərbi piyada maşını, "Mcta-C özüyeriyən artilleriya qurğusu divizionu, "Smerç" yaylım atəşli reaktiv sistem divizionu, "Vena" özüyeriyən artilleriya silahları, TOC-1A "Solnsepek" sisteminin yeni modifikasiyası və digərləri daxildir.
Özü də Azərbaycanın aldığı T-90S tanklarının ixrac üçün nəzərdə tutulmuş ən son variantlarından biridir. Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb, hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün elektron tank ballistik ayırdedicisi ilə təchiz olunub. Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəşi izləmək üçün elektron qurğuya malikdir. T-90S tankları istənilən hava şəraitində və sutkanın istənilən vaxtında hədəfi dəqiq vurmağa imkan verən elektron sistemlərlə təchiz olunub. "Smerç" reaktiv yaylım atəşi sistemləri dünyada öz sinfində ən dəhşətli və dağıdıcı silahdır. 300 millimetrlik raketlərlə atəş açan "Smerç" sistemləri SSRİ hərbi konstruktorları tərəfindən hazırlanıb. Sistem bir neçə tip raketlərlə atəş aça bilir. Bunlardan biri döyüş başlığı kaset formasında olan raketlərdir. Rusiyanın 120 mm-lik "Vena" özüyeriyən artilleriya qurğuları ilk dəfə İDEX-97 sərgisində nümayiş olunub. Bu qurğular 1 kilometr məsafədən düşmənin möhkəmləndirilmiş atəş nöqtələrini, zirehli texnikasını və canlı qüvvəsini, minomyot batareyalarını və digər hədəflərini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Mərmi hədəfdən yayınanda növbəti mərmini hədəfə düz tuşlayan avtomatik sistemlə təchiz olunub. TOS-1A "Solntsepek" kifayət qədər dağıdıcı və Rusiya hərbi sənayesinin ən yeni silahlarından biridir. Rusiya silahlı qüvvələrinə bu silahlar ilk dəfə iki il əvvəl verilib.
Tumar Həsənov
teref.az