İlqar Məmmədov Şəkidə məhkəməsini gözləyir

8-08-2018, 08:18           
İlqar Məmmədov Şəkidə məhkəməsini gözləyir
Natiq Cəfərli: “2 dəfə ailəsi ilə danışıb və vəziyyətinin normal olduğunu söyləyib”
“Respublikaçı Alternativ” (REAL) Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun azadlığa çıxacağı gözlənilir. Belə ki, İlqar Məmmədovun avqustun 3-də Bakıdan Şəkiyə aparılıb.

Bildirilir ki, avqustun 10-da növbəti təkrar məhkəməsi başlamalı olan siyasətçi həmin vaxt Şəkidəki penitensiar müəssisədə saxlanmalıdır.

İlqar Məmmədovun məhkəmə prosesi avqustun 10-da saat 11:00-da başlayacaq. Onun işinə Şəki Apelyasiya Məhkəməsində Gündüz Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Bu məhkəmə daha öncə də İ. Məmmədovun şikayətinə baxıb və onun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayıb. Ali Məhkəməyə şikayət isə nəticə verməyib - aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.

Lakin iyulun 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu REAL hərəkatının sədri İlqar Məmmədov barədə qərarı elan edib. Qərara görə, Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələrilə məhkum edilməsinə dair cinayət işinin icraatı zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulamasına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli “İlqar Məmmədov Azərbaycana qarşı” iş üzrə qərarında şərh edilmiş hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar müəyyən edib. Ali Məhkəmənin Plenumu aşağıdakıları qərara alıb:

“Məmmədov İlqar Eldar oğlunun Azərbaycan Respublikası CM-in 220.1 və 315.2-ci maddələrilə məhkum edilməsinə dair cinayət işi üzrə onun barəsindəki Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 noyabr 2016-cı il tarixli və Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2016-cı il tarixli qərarları ləğv edilib”.

Cinayət işi apelyasiya qaydasında yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hüquq müdafiəçiləri açıqlamalarında bildiriblər ki, oktyabr ayına qədər İlqar Məmmədovun azadlığa çıxacağını gözləyirlər. Lakin onların sözlərinə görə, bu ilin dekabr ayına qədər növbəti əfv sərəncamının imzalanacağını düşünmürlər.

Yada salaq ki, İ. Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.


“Yeni Müsavat”a danışan REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, İlqar Məmmədovun Şəkidən azadlığa buraxılacağına ümid edirlər: “Hazırda İlqar Məmmədov Şəki Müvəqqəti Təcridxanasında saxlanılır. Orada həm cəzaçəkmə müəssisəsi, həm də istintaq təcridxanası eyni yerdədir. Məntiq və qanunla İlqar Məmmədov yenidən təqsirləndirilən şəxs qismindədir. Yəni o, faktiki olaraq cinayəti sübut edilməyən şəxs olub. Halbuki 5 ildir ki, həbsdədir. Ayın 10-da Apelyasiya Məhkəməsinin ilk iclası olacaq. Hesab edirəm ki, bu, hazırlıq iclası olacaq. Hansı məsələlərə baxılıb və qərarın nə olması ilə bağlı ilkin iclasda ip ucları görünəcək. Yəni qrafik müəyyənləşəcək. Biz ümid edirik ki, bu proses çox gecikməyəcək və Şəki Apelyasiya Məhkəməsi ədalətin bərpa olunmasında öz rolunu oynayacaq. Nəticədə Avropa İnsan Haqları Məhkəməsinin qərarları yerinə yetiriləcək. Yəni gözləntimiz bu istiqamətdədir. Ümid edirik ki, İlqar azadlığa çıxacaq. Artıq bu məsələ Azərbaycan üçün də böyük bir problemə çevrilib. İlqar Məmmədov üçün də haqsızlıq davam edir. Çünki o, ailəsindən, dostlarından və işindən 5 il yarımdır ki, uzaqda qalıb. Nəticədə hər kəs gözləyir ki, İlqar Şəki Apelyasiya Məhkəməsinin qərarından sonra evində olacaq. Buna böyük ehtimallar da var”.

Cəfərli söyləyib ki, İlqar Məmmədov bir neçə gün bundan öncə evi ilə əlaqə saxlayıb:

“İlqar Məmmədov bu ayın 3-də Şəkiyə aparılıb və ötən günlərdə artıq iki dəfə zəng edərək, ailəsi ilə telefonla danışıb. Gedən günü zəng eləyib məlumat verdi ki, Şəkiyə çatıb. İki gün sonra isə öz növbəsində zəng edib, ailəsi ilə telefonla danışıb. Deyim ki, orada məhbusların telefonla danışması növbəlidir və hər bir məhbus həftə ərzində iki dəfə telefonla danışa bilər. İlqar Məmmədov da onlar üçün yaradılan bu imkandan istifadə edib. Bildirib ki, saxlanma şəraitində hər hansı bir problem yoxdur. Ancaq Şəki təcridxanasında ümumi problem odur ki, su yoxdur. Su həftədə iki dəfə olmaqla saatla verilir. Nəticədə isə ciddi su qıtlığı hiss olunur. İlqar Məmmədovun da şikayəti yalnız bununla bağlı olub”.

Əli RAİS,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.