Tacir Şahmalıoğluna fəxri ad niyə verilmir? - Xalqdan “Bayatı -Şiraz Tacir” adını qazanıb

4-04-2020, 00:01           
Tacir Şahmalıoğluna fəxri ad niyə verilmir? - Xalqdan “Bayatı -Şiraz Tacir” adını qazanıb
Fəxri adların verilməsində məntiqsizlik , ən azı təəssüf və təəccüb doğurur. Azərbaycanın dövlət himninin sözlərini belə bilməyən , BAYRAĞINI, GERBİNİ belə tanımayanlar necə “ Azərbaycan xalq artisti” adını əldə edir? Biz hələ “əməkdar”ları demirik . Hətta “əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı uğrunda əməklərini əsirgəməyən zəhmətkeşlər (nədənsə onları “əməkdaş” adlandırmırlar) yetərincədir. Layiq olduğu “xalq artisti” vəsiqəsini ala bilməyən gerçək xalq artisti Səməndər Rzayevin “Bəyin oğurlanması”ndakı sovxoz direktorunun dediyi kimi, “ ə, bu kənd təsərrüfatı işçisinin işi - əmək , zəhmət deyil?” İndi bunlara eləcə də, mühəndis , müəllim, həkim , jurnalist , nə bilim , idmançı, dövlər qulluqçusuna. .. “əməkdar zəhmətkeş” yarlığını, “vedrəsini” bağlamağın nə adı var? ! Hələ yaxşı ki , şair-yazıçılara artistlərdən fərqli olaraq ikipilləli ad verilməsi dəbə minməyib! Yoxsa, AYB , şair Nadir Dəlidağlı demiş, redaksiyalara beçə ( balı ) daşıyan “əməkdar şair - yazıçı”ların tapdağı altında qalardı ... Yeri gəlmişkən , Mədəniyyət Nazirliyinin “ikipilləli advermə” qaydasını pozaraq birbaşa “xalq artisti” yarlığını Emin Ağalarovun harasına –“ Jara”sınamı, parasınamı bağladığı hələ də dedi- qodu qonusudur. Ustad muğam ifaçıları Sabir Mirzəyevə 64 yaşında , Süleyman Abdullayevə isə 74 yaşında “əməkdar artist” adı almaq nəsib olub. Biri(inci) elə bu adla 4 il yaşayandan sonra dünyasını dəyişib, o biri 8 ildir “əməkdar”dır , hələ də “xalq” ola bilmir”. Yaqut Abdullayeva nisbətən cavan yaşında (43 ) aldığı “əməkdar artist” adını 14 ildir daşıyır. Təzəsi olan yerdə , niyə “köhnə palan içi tökürük” ki? Bir neçə ay öncə dünənin “ətcə-balaları”nın adları “xalq”a “calaq edildi” , Nuriyyə Hüseynova, Elnarə Abdullayeva , Fərqanə Qasımova , Cabir Abdullayev ... kimi muğam ustaları “yada düşmədi” .

Gerçəkdə kimin xalqın artisti olması xalqın seçimi ilədir. Yəni xalq özü bu sənətçilərə layiq olduğu adı verib. Elə tarixən də belə olub, Segah muğam(lar)ının ustad ifaçısı olduğuna görə xalqın “Segah İslam “ adlandırdığı İslam Abdullayev də 1949-cu ildə 73 yaşında dövlətdən “əməkdar artist” adını alıb. Sonrakı 15 il yaşamı dönəmində “xalq”a layiq bilinməyib” . “Segah İslam”ın şagirdi İsfəndiyar Cavanşir 16 yaşında ustadı ilə birgə məclisdə iştirak edərkən Təbrizli Əbülhəsən xanın yolu ilə “Kürd Şahnaz” muğamını necə oxuyubsa, elə o çağdan XAN adını eldən qazanıb. Onu da vurğulayaq ki, Xan Şuşinski ustadının “əməkdar artist” olmağından 6 il qabaq - 1943-cü ildə - 42 yaşı olanda birbaşa “xalq artisti” adına layiq görülüb! Onu da vurğulamaq yerinə düşər ki, 15 yaşından Xan əminin tarzəni olan qardaşı Allahyar Cavanşir 50 il sənətə xidmət etsə də, heç bir ad verilmədən 1972-ci ildə 65 yaşında dünyasını dəyişib. Axı, o çağlar indiki kimi “jara-para” ilə “bığ altından keçməklə” ad əldə etmək vərdişi yox idi. Bunları diqqətə çatdırıb oxuyanları yormaqda amacım 40 ildir qulaqlarımızı oxşayan “Bayatı Şiraz”ın şirin səsli ifaçısı Tacir Şahmalıoğlunun “adsız” qalmasını yada salmaqdır. Xalq ona “Bayatı Şiraz Tacir” adı verib. Gəlin razılaşaq ki, çağdaş dönəmdə belə el-muğam adlarını qazanmaq hər oxuyanın işi deyil. Nədən Xanın , “Segah İslam”ın, “Zabul Ağabala”nın ... qavalını götürmək olar , yolunu getmək olar, amma Xan, “Segah” adını adına çıxmaq mümkünsüz olar.

Anarın “Üzeyir ömrü” filmindəki “Qarabağ bülbülü” Tacirin “Bayatı-Şiraz”ı yaddaşlardan silinə bilərmi? “Bürokratik” qulaqlar bu səsi eşitməyə bilər, amma elin -yurdun yaddaşında Qarabağa, yurd yerinə ÇAĞIRIŞ – AZANdır balaca Tacirin nəhəng “Bayatı-Şiraz”ı . Fikrimizcə, bircə bu ifaya görə ona dövlətdən də ad verilə bilər.

Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.