“Pensiya alan adam yemək yeməyəcək, acından öləcək?” – Nura Suri

25-12-2015, 13:59           
“Pensiya alan adam yemək yeməyəcək, acından öləcək?” – Nura Suri
Manatın dəyərdən düşməsi incəsənət aləmini də çökdürüb desək, yanılmarıq. Bir tərəfdən də vergi cərimələri ilə üzləşən sənət adamları artıq etirazlarını bildirməyə başlayıblar.
Tanınmış estrada müğənnisi Nura Suri Cebhe.info-nun suallarını cavablandırarkən bir çox məqamlara toxunub:
– Sənətçi olaraq manatın dəyərdən düşməsi ilə bağlı fikirləriniz?
– Bu məsələdə hamı hər şeyi başa düşür. Prezident də öz çıxışında bildirdi ki, bu planlı şəkildə görülən bir işdir. Neftin qiymətinin bu qədər aşağı salınması bir çox ölkələrə qarşı təxribat kimi qəbul oluna bilər. Prezident də dünən öz çıxışında eyni sözləri dedi. Bu, siyasi məsələdir. Müğənnilərin bu haqda fikir söyləməsi düzgün olmaz. Amma bir şey mənə çox maraqlıdır. Manat devalvasiya olunubsa, dollar 78-dən 1 manat 55 qəpiyə qalxıb. Yəni 100 faiz devalvasiya baş verib. Mənə maraqlıdır, inflayasiyanı necə hesablayacaqlar, pensiyaları, maaşları nə qədər artıracaqlar. Hal-hazırda göstərilən inflyasiya 4 faizdir. 100 faiz devalvasiya olanda inflyasiya necə hesablanacaq? Bunu başı çıxan bir adam bizə başa salsın. Hər şeyin qiyməti artıb. Pensiya alan adam bunu necə ödəyəcək? Yemək yeməyəcək? Acından öləcək? Mənə yalnız maraqlı olan tərəf budur.
– Bu vəziyyət sənətçilərə necə təsir etdi və ya edəcəkmi?
– Düzünə qalsa, onsuz təsir edib də. Bizim işimiz əvvəlki qaydada deyil. 2011-dən 2012-ci ilə qədər olan iş rejimi 2014-dən sonra xeyli dəyişib. Hazırda baş verən bir çox hadisələr müğənnilərə qarşı başqadır. Müğənnilərə qarşı elə bir mövqe tutublar ki, sanki müğənni xalq düşmənidir. Bu müğənninin də ailəsi var, o da evinə çörək aparır. Müğənni də bir çox ailələrə çörək verir. Çünki bu sənətçilərin ətrafında adamlar işləyir. Onlar da evinə çörək aparır. Prezident çıxışında dedi ki, sahibkarlara güc düşməsin deyə onların işini asanlaşdırdılar. Belə çıxır ki, indi də müğənnilərin üstünə hücum olunub. Kim çıxır müğənnidən danışır. A balam, bu ölkənin məgər müğənnidən başqa problemi yoxdur, başa düşə bilmirəm? Getsinlər başqa məsələlərlə maraqlansınlar. O qədər şadlıq sarayları, otellər var. Bunlar hansı pullarla, kimlərə məxsusdur və nə ilə açılır? Müğənni yazıq nə qazanır göz qabağındadır. Müğənnilərin hamısının evi, maşını kreditdədir. Müğənni məgər milyon qazanır?
– Nura xanım, yeri gəlmişkən sizin vergiyə borcunuz varmı?
– Mənim əslində heç bir borcum yoxdur, amma Vergilər Nazirliyindən mənə cərimə yazıblar. İndi nazirliyə şikayət yazmışam, cavabını gözləyirəm. 900 manatdan çox mənə vergi cəriməsi yazıblar. Halbuki mən 6 ildir ki, vicdanlı olaraq vergi ödəyirəm. VÖEN-im də var. Pensiya fondumu da,vergimi də vaxtı-vaxtında ödəmişəm. Vergini vaxtında ödədiyim halda özümü birdən-birə vergi ödəməyən başqa müğənnilərin siyahısında görürəm. Mən niyə cərimə ödəməliyəm? İndi mənim işim azdı, az ödəyirəm. Hardan gətirim artıq ödəyim? Çox qazanmadığım halda necə ödəyə bilərəm? Nə qazanmışam, onu da ödəmişəm. İndiyə kimi 1 manat da borcum olmayıb. Birdən-birə məni niyə cəriməliyiblər, onu anlaya bilmirəm. Kimin VÖEN-i olmayıb, vergidən yayınıb, o adamı cərimələsinlər.Vergi ödəmək hər kəsin borcudur. Belə də yox…
– Cərimə ilə bağlı məhkəməyə müraciət etməyi nəzərdə tutursunuz?
– Hələlik Vergilər Nazirliyinə şikayət ərizəsi yazmışam. Əgər müsbət cavab olmasa, o zaman məhkəməyə müraciət etməli olacağam.
– Mövcud vəziyyətdə toyların qiyməti nə qədərdir?
– Vallah, mən bilmirəm kim toya neçəyə gedir. Son bir ildə müğənnilərin demək olar ki, işi olmayıb. May ayında toy olmur. Avropa Oyunları oldu. O ərəfədə bir çox şadlıq sarayları çalışmadı. Orucluq və Məhərrəm ayı gəldi. Hamısı üst-üstə düşdü. Toy müğənniləri ilə toy aparan müğənnilər ayrıdır. Estrada müğənniləri isə tamam fərqlidir. Estrada müğənnilərini toya çox az çağırırlar. Mən toy müğənnisi deyiləm. Mən də estrada müğənnisiyəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.