Gənc müğənninin intihar səbəbi - "İçkisinə dərman atıblar..."
26-12-2015, 13:00
Xəbər verdiyimiz kimi, dünən gənc müğənni Elvin Quliyev Bakıda yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Ölümü ilə hər kəsi şoka salan 26 yaşlı müğənninin intiharı haqda bir çox iddialar irəli sürülür. Onun kredit borcu olduğu üçün belə bir addımı atdığı bildirilir.
Bəs bu iddialar nə dərəcədə doğrudur?
Elvin Ordubadlı kimi tanınan müğənninin iş yoldaşlarının sözlərinə görə, o, 10 gün öncəyədək “Parti” restoranında çalışırmış. Sonradan Elvin müəyyən səbəblərdən işdən ayrılmalı olub.
“Onun ölüm xəbəri bizi çox sarsıtdı. Gözəl müğənni idi. Hamı onu çox istəyirdi. O, qədər gözəl səsi var idi ki, hər kəs ona qulaq asmaq üçün bura gəlirdi. Tərbiyəli və sakit oğlan idi. Tez-tez ailəsi ilə bizim restorana gələrdi. Qızlarını çox istəyirdi. Sonuncu dəfə burada səhnəyə çıxan zaman 3 mahnı oxumuşdu. O, qəmli mahnıları ilə özü ilə bərabər hər kəsi ağlatmışdı.
Səsi hələ də qulağımızdadır. Müştərilərimizin əksəriyyəti bura Elvinə görə gəlirdilər. Onun pul problemi yox idi. Normal qazancı vardı. İnanmırıq maddi çətinliyə görə özünü öldürsün”- deyə 26 yaşlı müğənninin iş yoldaşları bildirib.
Ailə üzvləri isə Elvinin intihar etmədiyini düşünür. Onların sözlərinə görə, müğəni içkili olduğu üçün balkondan yıxılıb.
“Hadisə gecə saat 2-də baş verib. Elvin evə gələndə içkili idi. O hava almaq üçün balkona çıxdı. Bir də eşitdik ki, balkondan yıxılıb. Onun intihar etməsi inandırıcı deyil. Niyə canına qıysın axı? Heç bir problemi yox idi. Nə borcu vardı, nə də başqa çətinliyi. Yaxşı qazancı olurdu. Belə insan niyə özünü öldürsün?
Biz ona yaxınlaşanda artıq həyatda deyildi. Qolları, ayaqları qırıq-qırıq idi. Başı yerə dəyib parçalanmışdı. Hələ də şokdayıq. Elvinin ölümünə inana bilmirik. O, çox yaxşı oğlan, yaxşı qardaş və gözəl ailə başçısı idi”.
Mərhumun yaxınlar hesab edir ki, həmin gün Elvinin içkisinə kimsə dərman atdığından, o, evə gələndə çox pis vəziyyətdə olub:
“Elvin həmişə içki içirdi. Amma heç vaxt belə olmamışdı. O, nə qədər çox içəsə də, intihar edə bilməzdi. Həmin gün içkili idi. Elvinin içkisinə dərman qatıblar ki, o evə gələndə havalanmışdı. Yerə-göyə sığmırdı. Elə bil, dəli olmuşdu.
Elvin heç vaxt belə olmamışdı. Onun indiyə kimi heç kimə borcu yox idi. Ailəsini, qızlarını canından çox istəyirdi. Qızlarının birinin adı Ülkər, digərinin isə Aylindir. Elvin onları tək qoyub gedən oğlan deyildi.
İndi uşaqları onu soruşurlar, ağlayırlar ki, atamız haradadır. Ürəyimiz parçalanır, nə deyək bilmirik”.