“Bakıda türkçülük simvolu Boz Qurda böyük tələbat var” - 120 döyməsi olan məşhur usta

12-01-2022, 16:54           
“Bakıda türkçülük simvolu Boz Qurda böyük tələbat var” - 120 döyməsi olan məşhur usta
Son illərdə ölkəmizdə tatuya maraq artmağa başlayıb.

Müasir dövrdə bir çox gəncdə döymə həvəsi müşahidə olunur. Əvvəllər xarici filmlərdə görməyə alışdığımız döyməni artıq ölkəmizdəki gənclərdə də görürük.

Əvvəllər döymə etdirənlərə pis baxılsa da, hazırda bir çoxları onu normal qarşılamağa başlayıb. Belə ki, əvvəllər çox nadir hallarda döymə etdirən şəxslərlə qarşılaşsaq da, indi mənzərə çox fərqlidir.

Döymə salonlarının sayı kifayət qədərdir. Həmçinin, illər getdikcə döymə ustalarının da peşəkarlaşdığını və çox qeyri-adi işlərə imza atdıqlarını görmək mümkündür. Məhz bu səbəbdəndir ki, gənclərin maraq dairəsi genişlənib. Onlar heyran olduqları futbolçuda, müğənnidə və ya aktyorda gördükləri döyməni öz bədənlərinə həkk etdirirlər. Görünən odur ki, gənclər bu sahəyə olduqca həvəslidirlər.

DİA.AZ xəbər verir ki, Cebhe.info əməkdaşı paytaxtdakı döymə salonlarının birində olub. “Saxara Salon”da “Tattoo Abilov”da müsahibimiz 13 ildir döymə ustası kimi fəaliyyət göstərdiyini deyən 29 yaşlı məşhur usta Ülvi Əbilov oldu.

- Hazırda Azərbaycanda döyməyə maraq necədir?

- Ölkəmizdə döyməyə az da olsa, təlabat var. Lakin xarici ölkələrlə müqayisədə bu, çox aşağıdır.

- Azərbaycanda bu sənəti və döymə etdirmək istəyənləri digər ölkələrdən nə ilə fərqləndirmək olar?

- Bizim ölkədə adətən kimdəsə görüb döymə etdirmək istəyirlər. Lakin Avropada və dünyada vəziyyət belə deyil. Xaricdə hər kəs öz fantaziyasına uyğun döymə etdirir. Azərbaycanda isə qonşusu etdiyi üçün döymə etdirənlər çoxluq təşkil edir.

- Ümumiyyətlə, döymə vurdurmaq üçün yaş məhdudiyyəti varmı?

- Bəli, var. Yetkinliş yaşına çatmamış şəxsə döymə vurulmur. Sadəcə 18 yaşından aşağı uşaqlara valideyni ilə gələrsə, döymə vurula bilər. Lakin yetkinlik yaşına çatmayanların döymə vurdurmasını psixoloji olaraq uyğun olmadığını düşünürəm. Çünki əsgərlik görməmiş bir şəxsin beyni də tam olaraq formalaşmamış olur. Düşünürəm ki, həyat tərzi qurmadan uşaq yaşda döymə vurdurmaq düzgün deyil. Nəzərə almaq lazımdır, Azərbaycanda döymə vurdurmuş şəxslər hər yerdə işə qəbul olunmur. Adi marketlərdə belə, döyməli işçi qəbul etmirlər. Yəni gənclərə həyat karyerasını qurmadan döymə vurdurmağı məsləhət görmürəm. Hətta bəzən 18 yaşına çatmadan döymə vurduran oğlanlar əsgərlikdən qayıtdıqdan sonra iş tapa bilmədikləri üçün onu sildirmək istəyirlər.

- Silməkdən söz düşmüşkən, döyməni sildirməyə daha çox kimlər müraciət edir?

- Ən çox sevgililər bir-birlərini adlarını və ya baş hərflərini döymə etdirirlər. Lakin sonradan peşman olaraq silmək və ya dəyişmək istəyirlər. Adətən ayrılıqlar yaşandığı üçün belə hallar baş verir. Həmçinin, uğursuz alınan döymələri də sildirmək istəyənlər olur. Məsələn, “İnstagram”da döymə yazanda yüzlərlə usta gəlir, amma onlardan 10 nəfərinin səhifəsində öz işləri olur. Qalanları isə internetdən götürdükləri şəkilləri paylaşırlar. Müştərilər həmin şəkilləri görərək, həvəslənib gedirlər, amma nəticədə uğursuz iş meydana gəlir. Canavar şəkli istəyirlər, amma vurulan döymə tülküyə oxşayır. Buna görə də sildirməyə məcbur qalırlar.

-Döymənin tamamilə bədəndən silinməsi mümkündür? Qiyməti neçəyədir?

- Bəli, mümkündür. Mənə də döyməni sildirmək üçün çoxlu müraciət gəlir, çünki həm də silmə işini edirəm. Qiymət isə döymənin ölçüsünə görə dəyişir. Silinmə qiyməti minumum 40 manatdan başlayır. Lakin silinmə prosesi bir dəfəyə reallaşmır, bir neçə seansda başa çatır. Məsələn, adın silinməsi hər seansı 40 manatdan olmaqla, 4 dəfəyə həyata keçirilir.

- Bəzən yaşlı insanlar gənclərə bədənlərinə döymə vurmamağı məsləhət görürlər. Sizcə bunun səbəbi nədir?

- Həqiqətən əvvəllər yaşlı insanlar döymə vurduran cavanlara çox pis baxırdılar. Hətta onları damğalı hesab edirdilər. Çünki keçmişdə həbsxanadan çıxanlarda döymələr olurdu. Lakin müasir dövrdə vəziyyət tamamilə dəyişib və artıq hər kəsdə döymə görmək mümkündür.

- Həbsxanada vurulan döymələrlə azadlıqda vurulanlar arasındakı əsas fərqlər nədir?

- Ümumiyyətlə, həbsxanada vurulan döymə ilə müasir döymə arasında dünya qədər fərq var. Hətta baxanda çox fərqli olduğunu görmək mümkündür. Yəni bu fərq görüntüsündən, formasından və boyasından bilinir.

- Kriminal aləmin adamları döyməni harada vurdurur?

- Kriminal döymə növləri çox azdır və müasir döymə salonlarında vurulmur. Şəxsən mən dövlətə və ya dinə qarşı döymə vurmuram. Buna baxmayaraq, hazırda belə döymə vuran çox yer var. Ümumiyyətlə, kriminal aləmin adamları müasir döymə salonlarına müraciət etmirlər. Adətən kriminal aləmdəki şəxslər “yeraltı” adlanan məkanlarda döymə etdirirlər. Bununla yanaşı, bu işə yeni başlayanlar və ya həvəskarlar həmin şəxslərin evlərinə gedərək döymə vururlar. Eyni zamanda, öz evində də döymə vuran ustalar var, amma bu, heç bir gigiyenik qaydalara uyğun deyil.

- Hazırda ən çox döymə etdirənlərin yaş qrupu hansıdır?

- Kişilər arasında 30-40, xanımlar arasında isə 25-35 yaş arası şəxslər daha çox döymə müraciət edirlər.

- Bəs döyməni daha çox bədənin hansı nahiyəsinə vurdururlar?

- Oğlanlar qol, sinə və çiyin nahiyəsinə, xanımlar isə daha çox ayağa döymə vurdururlar.

- Xanımlar daha çox döymə vurdurur, yoxsa bəylər?

- İndi döymə üçün müraciət edənlər arasında xanımlar üstünlük təşkil edir.

- Sizə turistlər müraciət edir?

- Bizə çox nadir hallarda əcnəbilər də müraciət edir.

- Döymə ustası olmaq üçün təhsil alırlar? Bunun üçün sertifikat almaq lazımdır?

- Döymə ilə bağlı təhsil verən xüsusi məktəb yoxdur, amma bu işin ustaları öyrədir. Mən özüm də bu sahəni öyrənmək istəyən tələbələri qəbul edirəm. Onlarla danışıram və tam professional olduqdan sonra getmək şərti qoyuram. Bütün bildiklərimi tələbəyə öyrətdikdən sonra ona sertifikat verib, hansısa döymə salonunda da işə düzəldirəm. Hətta bədənimdəki döymələrin 90 fazini tələbələrim edib.

- Bu işi öyrənmək istəyən gənclər nə qədər pul ödəməlidirlər?

- Mən tələbələri 400-600 manat aralığında qiymətə hazırlaşdırıram.

- İkinci Qarabağ müharibədən sonra döymələrin məzmunu dəyişdi?

- Müharibədən sonra çoxlu bayraq döyməsi vurmuşam.

- Bəs ümumilkdə hansı məzmunlu döymələrə təlabat daha çox olur?

- Türkçülüyün simvolu olduğu üçün boz qurd döyməsinə böyük təlabat var. Həmçinin, tez-tez aslan və ya bürc şəkilləri də istəyənlər olur.

- İndiyə kimi fanatı olduqları şəxsin döyməsini etdirənlər olub?

- Sadəcə Kriştiano Ronaldo döyməsini istəyiblər. Yəni formasının döyməsini vurmuşam.

- Son zamanlarda yaşadığınız maraqlı bir hadisə varmı?

- Yaxın zamanlarda bir nəfərə sonsuzluq döyməsi etdim. Həmin simvolun üstünə və altına isə bürcünü vurdum. Lakin müştəri evə çatanda zəng edib bürcünü səhv dediyini bildirdi.

- Son zamanlarda gənclər arasında öz adları və imzaları olan döymələr görürük. Bunların qiyməti neçədir?

- Bəli, hazırda belə sifarişlər də çox olur. Lakin qiymət adın və imzanın həcminə, görüntüsünə görə dəyişir. Sözügedən döymələrin qiyməti adətən 60-70 manat təşkil edir.

- Qiymətdən söz düşmüşkən, ən ucuz və ən bahalı döymələr neçəyədir?

- Bizdə hər bir müştəri üçün qiymətlər var. Minimum kassa ödənişi 50 manatdan başlayır, maksimum isə 600 manat olur. Çünki 600 manatdan yuxarı pulu döyməyə ayıracaq insan yoxdur.

- Sizdə də xeyli döymə olduğunu görürük. Ümumiyyətlə, üzərinizdə hazırda neçə döymə var?

- Mənim vücudumdakı döymələri tələbələrim və dostlarım edib. Hazırda bədənimdə 120-dən çox döymə var. İlk dəfələrdə ağrı olurdu, amma indi bu, sıfıra bərabər olur. Çünki indi müasir aparatlar var.

- Döymə həvəskarlarına hansı mesajınız var?

- Əvvəla, döymə ustalarına məsləhət görürəm ki, hər gələnə anında döymə etdirməsinlər. Çünki müştəri bəzən qərarsız olur. Ümumiyyətlə, qərarsız insanlara döymə vurdurmağı da tövsiyə etmirəm. Gənclər bilməldir ki, döymə bir gündə qərar verib etdirəcəkləri bir şey deyil. Düşünürəm ki, hər şeyi gözdən keçirib sonra etmək lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.