Qarabağ atları II Elizabetin yubileyində şou göstərdi - VİDEO
13-05-2016, 17:29
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi cins olan Qarabağ atları Britaniya Kraliçası II Elizabetin 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunub.
Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyevin tapşırığına əsasən artıq ikinci dəfədir ki, Qarabağ atı tarixi bağlılığı olan Vindsor qəsrində tədbirlərdə iştirak edir. Kraliça II Elizabetə 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gətirilmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb.
Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor qəsrində keçirilən tədbirlərdə hər gün Kral ailəsinin bir üzvü iştirak edəcək. Son gün isə Kraliça II Elizabetin iştirakı planlaşdırılıb.
Britaniya Kraliçasının atlara marağı nəzərə alınaraq yubiley tədbirlərində atların iştirakı ilə xüsusi şou proqram təşkil edilib. Dörd gün davam edəcək yubiley tədbirlərində hər gün 900-dən çox at və 1500-dən artıq iştirakçı şou proqramla çıxış edəcək.
Azərbaycan milli geyimində arenaya çıxan rəqqaslarımızı Qarabağ atlarının belində şou-proqramla çıxış edən Dövlət Sərhəd Xidmətinin təcrübəli “Süvarilər” qrupunun atçıları müşayiət ediblər. (AzərTac)