Dilan Polatla əri məhkəməyə çıxarılacaq
4-11-2023, 15:14

Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat məhkəməyə çıxarılacaq.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, polis bölməsində sorğusu tamamlanan Dilan və Engin Polat cütlüyü Anadolu Ədliyyəsinə sövq edilib.
Belə ki, əməliyyat çərçivəsində cəmi 24 şübhəli saxlanılıb. Polis bölməsində 40 səhifəlik suallar verilən Polat cütlüyü ilə birlikdə nəzarətə alınan 18 şübhəli bu gün səhər saatlarında ədliyyəyə göndərilib. Digər 6 şübhəlinin polis bölməsində istintaqı davam etdirilir.
Xatırladaq ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.
İlkin məlumata əsasən, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar. Bildirilir ki, Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Prosessual Qanunu ilə futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb, onlara məxsus şirkətlərdə aparılan axtarışlar zamanı rəqəmsal materiallar və noutbuklar götürülüb.
Bir müdddət öncə Dilan Polatla ərinin var-dövləti müsadirə edilib. İkiliyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.
Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.