ANS-i qurban vermək tariximizi silmək deməkdir
29-07-2016, 09:53
Əslində çoxdan dünyadan ədalət ummağın axmaqların işi olduğu fikrindəyəm. Son 10 gündə baş verənlər bu fikri beyimdə bir daha möhkəmləndirdi. Çünki, Artıq 10 gündür ki, Azərbaycan adlı məmləkət özünün ANS adlı telekanalından məhrumdur. O telekanal ki, Qarabağ müharibəsinin dəhşətli günlərində informasiya blokadasını dağıtmaq üçün yaranmışdı. Azərbaycanın müstəqillik tarixinin bir parçasıydı ANS. Taleyinə sınaqlı günlər yazılan telekanal bu dəfə Türkiyədən gələn zəngin qurbanı oldu. Qardaş hesab etdiyimiz ölkə məlum çevrilişə cəhd hadısələrindən bir gün sonra ANS-in ABŞ bürosunun əməkdaşı Qənirə Ataşovanın Fətullah Güləndən müsahibə almasını həzm etmək istəmir, müsahibənin efirə verilməsinin qarşısını almaq üçün rəsmi Bakıya qeyri-rəsmi tapşırıq verir. Bütün bunlar problemin görünən tərəfidir. Telekanal ətrafında baş verənləri qısaca analiz edək.
Qənirə Ataşovanı az da olsa tanıyan hər kəs bilir ki, onun Rəcəb Tayyib Ərdoğana böyük rəğbəti var. Hətta Türkiyədə “darbə olayları” baş verəndə o, Amerikada övladları ilə birlikdə Ərdoğana dəstək aksiyasında iştirak elib. Jurnalist Fətullah Gülənlə müsahibəyə isə Birləşmiş Ştatlarda akreditasiya olunan beynəlxalq jurnalist heyəti ilə birgə qatılıb, yəni iddia olunduğu kimi ekskluziv müsahibə deyil. Müsahibə iyulun 16-sı Bakı vaxtı ilə təxminən saat 23 radələrində alınıb. Telekanalın fəaliyyəti isə iyulun 18-də saat 18:35 radələrində dayandırılıb. Amma ANS-i izləyən heç kəs 2 gün ərzində bu müsahibəni efirdə gördüyünü deyə bilməz. Deməli kanal rəhbərliyi Gülənin ANS ekranlarında görünməsinin tərəfdarı olmayıb. Elə olmasaydı efirində daim ən son xəbərləri hamıdan əvvəl verməyə çalışan ANS bu müsahibəni çoxdan yayımlayardı. Fətullah Güləndən müsahibə almaq məsələsinə gəlincə, jurnalist hər iki tərəfin mövqeyini verməyə borcludur. Yəni bunu da telekanalın ayağına böyük günah kimi yazmaq düzgün deyil. Özü də ANS-in bağlanmasından cəmi 2 gün sonra Türkiyənin CNN Türk kimi aparıcı telekanalında Gülənin çıxışının yayımlanması ANS-in növbəti ədalətsizliyin qurbanı olduğunu göstərdi. Üstəlik bir xahişə görə tarix yazan ANS-i silməyi gözə alan Azərbaycana Türkiyədən “hədiyyə” gəldi. Hələ doğma telekanalının yoxluğu ilə barışa bilməyən Azərbaycan tamaşaçısı qardaş ölkənin efirindən “Nə mutlu Erməniyəm deyənə” sədalarını eşitdi. Bu sözün bizim üçün nə qədər təhqiredici olduğunu izah edən cümlələr qurmayacam. Çünki, bütün cümlələr bu təhqirin qarşısında acizdir. Amma Türkiyədə heç bir kanal bağlanmadı, heç cərimə də olunmadı. Sual olunur niyə? Bəlkə bizim qürurumuz yoxdur?! Axı biz qardaş xatirinə efirə getməyən müsahibəyə görə tariximizin bir hissəsini belə silməyə hazırdıq…
Bütün bu baş verənlər əslində ANS-in haqqsızlığın qurbanı olduğunu göstərdi. Biz isə ANS-i qurban vermək istəmirik. Çünki, ANS Azərbaycanın tarixidir. Biz, istəmirik, tariximiz silinsin. Axı, dünya Xocalı həqiqətlərini ANS-dən duyub. Gəlin, düşünək. Axı, ANS Azərbaycana lazımdır!
Zəfər Tağıyev