Efirdə “Tumanınızı başınıza keçirməyiniz” bəs deyil?
23-05-2015, 01:31
Özümə söz vermişdim, susacaqdım. Bu dəfə səsimi kəsəcək, kompüterimin monitorundan baş verənləri izləyəcəkdim. Olmadı. Nə edim ki, Xoşqədəmi unutduran Mətanət söhbəti aranı qatdı, bu yandan da Ləmanın şilləsinin səsinə dik atıldım.
Bəli, bu gün mövzumuz budur. Daha bir neçə gün əvvəl on altı vətəndaşını itirən ölkəmin dərdi iki-üç özünü bilməz ağıllının sərsəm ifadələrini şərh etməklə təsəllisini tapdı.
O dedi, bu qarşılıq verdi, bu alqışladı, bu təhqir elədi... Kimsə demədi ki...
Yetər! Hamınız bir anlıq susun! Kar olmuş vicdanlarınızla üç gün bundan əvvəl o alovda çırta-çırtla yanan balanın səsinə qulaq verin. Siz nəyin dərdindəsiniz?! Nəyin davasını edirsiniz?! Efirlərdə “tumanınızı başınıza keçirməyiniz” bəs deyilmiş kimi, tarıma çəkilən əsəblərimizdən indi nə istəyirsiniz?!
İctimai qınağın yenicə qımıldanmağa başladığı bir dövrdə hikkəsi facebook statusundan o tərəf getməyən bir ovuc insanın ehtiraslarına xidmət eləməkdənsə gedin kimsə görmədən, bina qarşısında piano çalmadan, eləcə, səssizcə o qorxan adamlara təsəlli verin! Allahdan başqa görən olmasın elədiyinizi. Gəlin haydı, sadəcə bunu eləmək lazımdır. Allah eşqinə, qara-qışqırığınızdan utanın! Heç orda körpə balası ölənlərin səsi sizinki qədər çıxmır.
Yox, bu sizlik deyil. Qarabağ məsələsində də beləydiniz, Xocalıda da! 16 adam nədir ki? Soy qırıldı orda soy! Sizi on altı adamın ölümü kəsməz! Görmüşük yasda hamı səsini içinə çəkib, yaylığını gözünə basıb ağlayar. Sizinsə hayqırtılarınız qulaq batırır. Nəyin hikkəsidir bu belə?! İndi də bu yananların üstündən iki kanal bir-birinə olan hikkəsinimi qusacaq?!
Kimin haqlı, kimin haqsız olduğunu şərh edəcək həddə və səbirdə deyiləm. Bu, mənim işim deyil. Azərbaycan teleməkanında şou xarakterli verilişlərin reytinqi rekord qırırsa bunun günahı birinci sizdədir, Azərbaycan xalqı. Siz qaldırırsınız yuxarı ki, ordan başınızı batırsınlar! Buna siz şərait yaradırsınız. O gözəllikdə Mədəniyyət kanalında hansı proqramların yayımlandığını kimdən soruşsaq heç kim düz-əməlli cavab verməyəcək amma “Xoşqədəm”, “Mətanət”, “Zaur”, “Elgiz”in bütün şəxsi həyatlarını əzbərdən bilirsiniz. Kanal rəhbərliyi də sizə uyub reytinq yaratmaq üçün bu yarıtmazlardan istifadə edir. İndi niyə küsürsünüz ki?! Nə gözləyirsiniz axı? Qabında nə var ki, sizə də nə verə?!
Hikkəliyəm, hirsliyəm. Özümüzü vurmaqdan, tənqid eləməkdən mən bezdim usandım, əməl sahibləri hər dəfə eyni qələti təkrarlamaqdan bezmədi. Ay millət, ay camaat üzünüzü dövlətinizə tutun, hansısa məsələlər üçün fikir yürüdün, vətəndaşlıq eləyin. Qarabağ məsələsini çözün! Şüurlarınızdakı çirkablardan qurtulun. Bu qədər həllini gözləyən məsələ varkən, yapışmayın yan gedən eşşəyin quyruğundan! Yolu əyri olanın palanı düz olsa nə yazar?!
Bax bunları heç kim demədi. Heç mən də demək istəmirəm, yanan yandı, sayəsində qalanan “ocağ”a bir odun da mən atmaq istəmirəm.
Sadəcə üzümü işçi axtaran bütün qurumlara tutmaq istəyirəm:
Sizdən ricam, bundan sonra iş elanlarında bir xüsusiyyəti də tələb edin.
ƏDƏBİ...!
azadinform
Nigar İsfəndiyarqızı