Rüstəm İbrahimbəyovun dostları onun xəstəliyindən danışdılar, qardaşı əsəbiləşdi: "Mənə zəng etməyin!"
9-04-2015, 14:49
Bu yaxınlarda tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Modern.az-a ekskluziv açıqlamasında ağır xəstəliyə tutulduğu barədə məlumat verib. O, xərçəng xəstəliyi ilə mübarizə apardığını deyib.
Hətta, Azərbaycana gələ bilməməsinin səbəbi kimi Amerikada və Rusiyada müntəzəm olaraq müalicə aldığını açıqlayıb. Maraqlıdır ki, kinorejissor açıqlamasında adıçəkilən xəstəliyə bir ilə yaxındır ki, tutulduğunu bəyan edib. Amma ictimaiyyət bu haqda məhz Modern.az-ın xəbərindən sonra məlumatlandı.
Modern.az Rüstəm İbrahimbəyovun yaxın ətrafı ilə əlaqə saxlayıb, kinorejissorun xəstəliyi haqda məlumatlı olub-olmadıqları haqda soruşub.
Tanınmış ssenarist Eldəniz Quliyev saytımıza açıqlamasında Rüstəm İbrahimbəyovun xəstəliyindən xəbərdar olduğunu deyib.
“Düzü, Rüstəmin bu xəstəliyə yoluxması xəbəri mənim üçün yeni deyil. Onunla vaxtaşırı əlaqə saxladığımdan xərçənglə mübarizə apardığını bilirdim. O, sürətli şəkildə müalicə alır. Amma, xəstəlikdir də... Hər bir insanı yaxalaya bilər. Rüstəmin ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, o, işlərinə də kifayət qədər vaxt ayırır. Onda həyat eşqi çox yüksəkdir”.
Xalq artisti Rasim Balayev isə Rüstəm İbrahimbəyovun xəstəliyi barədə mətbuatdan xəbər tutduğunu deyib.
“Uzun müddətdir ki, Rüstəm İbrahimbəyovla əlaqə saxlamıram. Amma, ona hörmətim var. Bu barədə, mən də mətbuatdan məlumat əldə etdim. Nə deyə bilərəm ki. Ona Allahdan şəfa diləyirəm”.
“Rüstəm İbrahimbəyovun qardaşı Maqsud İbrahimbəyov isə xəbərə çox soyuqqanlı tərzdə yanaşıb.
“Niyə Rüstəmlə bağlı mənə suallar verirsiz? Niyə hər dəfə Rüstəm belə oldu, elə oldu suallarla mənə zəng edirsiz? Bir də bu məsələlərlə bağlı mənə zəng etməyin!”.