Ukrayna rus müğənnilər qarşısında şərt qoydu - Azərbaycan da bunu etməlidirmi?

14-12-2016, 10:47           
Ukrayna rus müğənnilər qarşısında şərt qoydu - Azərbaycan da bunu etməlidirmi?
Krımda konsert verənlər “Eurovision”a buraxılmayacaq; XİN ermənipərəst müğənnilərin Bakıya gəlişinə hansı şərtlə icazə verir...

Ukrayna ilə Rusiya arasında son illərdə gedən siyasi mübarizə indi də mədəniyyət sahəsinə yansıyıb. Son “Eurovision” yarışmasında qalib olan Ukrayna bu ilin mayında yarışı keçirməkdə tərəddüd edir. Çünki maliyyə sahəsində ciddi sıxıntılar yaşayan rəsmi Kiyev yarışmanı keçirəcəyi təqdirdə maliyyə sıxıntılarının artacağını düşünür.

Digər tərəfdən, Ukrayna musiqi yarışmasını təşkil etməkdən imtina etmək fikrində də deyil. Çünki belə olacağı təqdirdə son yarışmada ikinci yeri tutan Rusiyanın bu hüquqa yiyələnəcəyini yaxşı bilir.

Yarışma fonunda daha bir məsələ gündəmə gəlib. Belə ki, Rusiyanı “Eurovision”da təmsil edəcək, eləcə də tamaşaçı kimi iştirak etmək istəyən, amma Krımda konsert vermiş müğənnilərin Ukraynaya girişi üçün şərt qoyub. Rusiya həmin müğənnilərin Krımın Ukrayna ərazisi olduğunu etiraf edəcəkləri təqdirdə ölkəyə buraxılacaqlarını bəyan edib.

Ukraynanın qoyduğu şərt Azərbaycanda da bir məsələni gündəmə gətirib. Belə ki, günlər öncə Bakıda konsert verən Soso Pavliaşvili vaxtilə işğal olunmuş Qarabağda konsert verdiyi üçün adı “qara siyahı”ya düşmüşdü. Erməni kökənli Filip Kirkorovun adının da XİN-in “qara siyahı”sına salındığı ilə bağlı xəbərlər vardı. Amma sonradan onlar Bakıda konsert verdi. Əsas suallardan biri odur ki, Azərbaycan tərəfi hər iki müğənnini Bakıya Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf etmələrinin müqabilində buraxa bilərdimi?


XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında yaranan suallarla bağlı bunları dedi: “Bakıya gələn iki müğənni barəsində onu deyə bilərəm ki, Filip Kirkorovun adı heç vaxt ”arzuolunmaz" şəxslər siyahısında olmayıb və o heç zaman Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyib. Soso Pavliaşviliyə gəldikdə isə o, Xarici İşlər Nazirliyinə müvafiq məktubla müraciət edib. Biz onun tərəfdarıyıq ki, mədəniyyət siyasətdən kənar olsun".


Politoloq Elxan Şahinoğlu bildirdi ki, rusiyalı müğənnilər Ukraynanın şərtini heç vaxt qəbul etməzlər: “Məsələ burasındadır ki, hansısa rusiyalı müğənni Kiyevdə keçiriləcək ”Eurovision" yarışmasında iştirak etmək üçün “Krım Ukrayna ərazisidir” desə, bu halda onu vətənində problemlər gözləyir. Ona görə də rusiyalı müğənnilərin Kiyevin bu şərtini qəbul edəcəyini gözləmirəm. Mümkündür ki, Rusiyadan bu dəfə bu yarışmada heç kim iştirak etməsin. Məsələnin digər tərəfi ondadır ki, Ukrayna hakimiyyəti yarışmanın keçirilməsi üçün maliyyə vəsaiti tapa bilmir. Vaxta isə az qalıb. Rusiyalı müğənnilər arasında Dağlıq Qarabağa qeyri-qanuni səfərlər edənlər də var. Onlar Azərbaycan XİN-in “qara siyahı”sındadır. Soso Pavliaşvili Dağlıq Qarabağa qanunsuz getdiyinə görə həmin siyahıya salınmışdı. Daha sonra onun adını siyahıdan çıxartdılar. Adətən siyahıdan bu halda isimləri silirlər ki, həmin şəxs səhv etdiyini etiraf etsin. Mənə məlum deyil ki, Soso Pavliaşvili səhvini etiraf edən məktubu XİN-ə göndərib, ya yox? Bu haqda XİN-in açıqlaması olmadı. O ki qaldı Filip Kirkorova, onun Qarabağda olmasına dair məndə informasiya yoxdur. Əksinə, bu müğənni hər zaman Azərbaycana və azərbaycanlılara vurğun olduğunu söyləyib. Ona görə Soso ilə Kirkorovu tərəzinin bir gözünə qoymaq istəməzdim. Bu şərti o müğənnilər qarşısında qoymaq lazımdır ki, XİN-ə üzrxahlıq məktubunda Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğulasın".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.